Sonsuz ədalət və mərhəmət sahibi olan Rəbbimizin yaratdığı hər hadisə, verdiyi hər hökm insanlar üçün ən xeyirli və ən gözəl olandır. Xoşagəlməz görünən hadisələrdə belə Allahın yaratdığı bir çox xeyir, gözəllik və hikmət vardır. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
…Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz. (Bəqərə surəsi, 216)
Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun. (İnsan surəsi, 3)
Bu həqiqəti bilərək yaşayan möminlər qarşılaşdıqları hər hadisədən, eşitdikləri hər danışıqdan razı olar, hər an Allaha yönələrək, yaratdıqları üçün Ona şükür edər, Allahın onlar üçün ən xeyirlisini və ən gözəlini yaratdığını bilərək Onu sevgi və təriflə zikr edərlər.
Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz göndərdiyi kitablar və peyğəmbərlər vasitəsilə insanları ən gözələ və ən asan olana çağırmışdır. Allahın bizi çağırdığı din əxlaqı çox asandır, ibadətlər hər insanın gücü çatacağı şəkildədir. Allah gücü çatmayanlar üçün də bir çox asanlıq bildirmiş, onlara Rəbbimizin rizasını qazana biləcəkləri yolları göstərmişdir. Allah dininin asan olduğunu ayələrində belə bildirir:
Biz sənə ən asan olanı müyəssər edəcəyik. (Əla surəsi, 8)
“…O sizi seçdi və atanız İbrahimin dinindəki kimi, din barəsində sizə də heç bir çətinlik vermədi…” (Həcc surəsi, 78)
Biz Quranı sənə əziyyət çəkəsən deyə nazil etmədik! Məhz (Allahdan) qorxanlara nəsihət olsun deyə (nazil etdik). (Taha surəsi, 2-3)
Allah başqa bir ayəsində isə insana gücü çatmayacağından artığını yükləmədiyini bildirir:
Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. İnkar edənlər qövmünə qarşı bizə yardım et!” (Bəqərə surəsi, 286)
Allahın insanlar üçün yaratdığı asanlıqlar Onun mərhəmətinin, bağışlayan olmasının və şəfqətinin təzahürüdür. Allah bəndələrini asan dinə cavabdeh etmişdir və dünyadakı bu asan imtahanın sonunda insanı bənzərsiz gözəllikdə, insanın xəyalına belə gətirməyəcəyi mükəmməllikdə olan nemətlərlə zəngin olan sonsuz cənnət həyatı ilə müjdələyir:
Rəbbi onları, Öz tərəfindən bir mərhəmət, razılıq və onlar üçün içində bitməz-tükənməz nemətlər olan cənnətlərlə müjdələyir. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, böyük mükafat Allah yanındadır. (Tövbə surəsi, 21-22)
Allah heç bir şeyə ehtiyacı olmayandır, hər cür əskiklikdən uzaqdır. İnsanların isə Allaha ibadət etməyə və gözəl əxlaq göstərməyə ehtiyacları var. Dünyanın ən zülmkar, ən imansız insanı da Allaha heç bir şəkildə zərər verə bilməz. Allah canlı və cansız bütün varlıqların tək hakimi və tək sahibidir. Buna baxmayaraq, Allah insanlara gözəl davranışlarına görə onları mükafatlandıracağını bildirir. Bu, Allahın bağışlayan və böyük rəhmət sahibi olmasının dəlillərindən biridir.
Allahın insanları qaranlıqdan nura çıxaran haqq kitablar endirməsi və onları doğru yola çağıran elçilər göndərməsi də Rəbbimizin rəhmətinin təzahürlərindəndir. Allah haqq kitabı olan Quranı insanlara doğrunu və yanlışı bildirən nur etmiş, onunla insanlara hər şeyi açıqlamışdır. Rəbbimiz insanları cavabdeh etdiyi hər cür ibadəti, inancı və davranış şəklini açıq-aydın ayələri ilə bizə bildirmişdir.
Həqiqətən, Biz onlara iman gətirən bir qövm üçün hidayət və rəhmət olan, elmlə açıqladığımız bir Kitab gətirdik. (Əraf surəsi, 52)
Allah Quranı qorumuş, tək bir hərfinin belə dəyişməsinə icazə verməmişdir. Allah bu həqiqəti ayələrində belə bildirir:
Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq! (Hicr surəsi, 9)
Önündən də, arxasından da ona batil qarışa bilməz. O, hikmət sahibi və şükrə layiq olan Allah tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)
Qiyamətə qədər qorunacaq olana və bizim üçün qanun olana, qüsursuz və əskiksiz yol göstərənə sahib olmaq insanlar üçün böyük nemət və asanlıqdır. Allah Quranın möminlər üçün əhəmiyyətini belə bildirir:
…Kitabı sənə, hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
Bundan başqa, Allah tarix boyu insanlara elçilərini də göndərmişdir. Allahın seçdiyi elçilər çox etibarlı, təqva sahibi, ədalətli, gözəl əxlaqlı və çox xeyirli kimsələrdir. Elçilər yalnız Allahın rizasını axtarmış, ölümdən belə çəkinmədən, insanları doğru yola çağırmaq üçün həyatı boyu mübarizə aparmışlar. Allahın elçilərinin başqa bir xüsusiyyəti də çox şəfqətli, möminlərə qarşı çox mehriban, onları qoruyub qayğısına qalan, dərin düşüncəli, diqqətli və fədakar şəxslər olmalarıdır. Allahın tarix boyu seçdiyi bütün elçilərin bu qədər gözəl xüsusiyyətlərə sahib olmaları Rəbbimizin möminlərə böyük lütfüdür.
Allahın insanlara hər şeyi açıq bildirməsi, haqq kitablar və etibarlı elçilərlə onları asan bir yola çağırması Allahın insanlar üzərindəki rəhmətinin və qoruyuculuğunun bir təzahürüdür. Allah tarix boyu insanlara rahatlıq yaratmış, istəklərini onlara ən gözəl vasitəçilərlə çatdırmış, çağırışına tabe olanların himayəçisi və qoruyucusu olacağını vəd etmiş və bütün bunlardan sonra onları sonsuz gözəllikdə olan cənnəti ilə müjdələmişdir. Rəhman və Rəhim olan Allah dünyada da, axirətdə də insanlara rəhm edən, onları qoruyan, nemətləndirən, sonsuz şəfqət sahibidir. Düşünən, ağıl və vicdan sahibi olan hər insan ona verdiyi bütün bu nemətlər üçün Allaha ən gözəl şəkildə şükür edər və Rəbbimizə səmimi sevgi və təslimiyyətlə bağlanar.

