Bəzən səbrinizin tükəndiyini düşünürsünüz? Ya da çox sıxıntı çəkdiyinizi? Hamı sizə qarşı çıxır? İnsanlar sizi başa düşmür və hadisələrin həmişə əleyhinizə olduğunu düşünürsünüz?
Sıxıntılı bir dövr keçirə bilərsiniz, ancaq bu vəziyyət heç də düşündüyünüz kimi mənfi bir hal olmaya bilər. Allah bütün sıxıntılarınızı xüsusilə yaradır, bunlar insan üçün hazırlanan hədiyyə paketi kimidir. Hər insanın qüsuru fərqlidir, bəziləri səbirsiz, bəziləri həyəcanlı, bəziləri etibarsız, bəziləri tez əsəbiləşən və s.
Sıxıntılarımız, xəstəliklərimiz, itirdiyimiz şeylər əslində, əxlaqımızı gözəlləşdirmək, ruhumuzu təmizləmək üçün bir nemətdir. Rəbbimiz hər insanın nəyə ehtiyac duyduğunu və nə qədər səbirli olduğunu yaxşı bilir. Sıxıntınız varsa, bu sizin gücünüz nisbətindədir və hətta imanla yanaşsanız, bu sizin mənəvi cəhətdən daha da qüvvətlənməyinizə səbəb olar.
Sıxıntılı vəziyyətlə qarşılaşan insan dərhal pessimist davranaraq çıxış yolunun olmadığını, bu sıxıntıdan xilas ola bilməyəcəyini zənn edir. Hətta bəziləri bu hala düşdüyü üçün Allaha üsyan edir, ancaq belə düşüncə sadəcə şeytanın vəsvəsəsidir.
Allah dünyada hər insan üçün fərqli imtahanlar yaradır. Allahın insanlara buyurduğu ibadətlər, onları sınamaq üçün yaratdığı çətinliklər, yüklədiyi məsuliyyətlərin hamısı gücümüzün çatacağı nisbətdədir. Ona görə də bizim buna səbir etməyə mütləq gücümüz çatar.
Rəbbimiz hamının nəyə, nə qədər dözəcəyini çox yaxşı bilir. Allah sonsuz ədalət sahibidir və bəndələrinə qarşı Həlim olandır. Rəbbimiz heç kimə gücünün çatmadığı çətinlik yükləməz, vicdanının qəbul etməyəcəyi məsuliyyət verməz və heç kim haqsızlığa məruz qoyulmaz. Bu Allahın vədidir, Rəhman və Rəhim isimlərinin təzahürüdür.
İnsan dünya həyatında xəstəliklər, qəzalar, maddi, mənəvi sıxıntılarla qarşılaşır. Bütün bunlar onu sınamaq üçün yaradılır və mütləq bunları daşıyacaq qədər gücü olur. Bunlar o insanın taleyində Allahın xüsusilə təqdir etdiyi hadisələrdir.
Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq. Bizim dərgahımızda haqqı söyləyən bir kitab vardır. Onlara heç bir haqsızlıq edilməz. (Muminun surəsi, 62)
Dünyadakı hər şey real kimi görünür və hadisələr səbəblərə bağlı olaraq baş verir. Buna görə də, bəzi insanlar dünyada onlara verilən müddətin heç vaxt bitməyəcəyini düşünürlər. Getdikcə hər şeyin köhnəlməsi, insanların yaşlanması və ölümün varlığı da onların bu həqiqəti qəbul etməsinə təsir etmir. Dünya həyatını real zənn edib aldananlar ölümdən sonra həyat olduğunu düşünmək istəmirlər. Dünyaya bağlanaraq yaşayan belə insanlara görə sıxıntılar heç vaxt bitmək bilmir. Buna görə də hadisələrdəki hikməti görmək və xeyir olduğunu düşünmək üçün dünya həyatının müvəqqəti imtahan olduğunu unutmamaq lazımdır.
Səmimi mömin mütləq səbir və gözəl əxlaq göstərəcəyi hadisələrlə qarşılaşdığını bilməlidir. Başına nə gəlsə də, bu onun gücünün çatacağı və səbir edəcəyi bir hadisədir.
İman gətirənlər ruziləri azalanda, xəstələnəndə ya da başqa hansısa çətinlik zamanı kədərlənmirlər, əksinə bu sıxıntıları nemət kimi görürlər. Xoşbəxt olmaq üçün hansısa xüsusi səbəbə ehtiyac duymurlar, onlar üçün iman gətirmək şükür etmək və sevinmək üçün ən başlıca səbəbdir.
Dünya həyatındakı çətinliklərin onlara imtahan üçün verildiyini və çətinliklərə səbir edəndə bunun Allah qatında gözəl qarşılığı olacağını ümid edirlər. Bu düşüncə onların sevinc mənbəyidir. Vicdanla hərəkət etdikləri üçün müqayisə edir və müqayisə ilə birlikdə nemətlərin qiymətini daha yaxşı bilirlər. Elə bu da onlara iman sevinci yaşadır.
İman sevinci elə bir şeydir ki, iman gətirməyənlər bu sevinci heç bir zaman təqlid belə edə bilmirlər. Səmimi bir hissdir iman sevinci. Bu, Uca Allahın razılığını, rəhmətini və sonsuz cənnət həyatını uman möminin qəlbinin Allahdan gələn sevinclə dolmasıdır. Möminlərin dünyada yaşadığı bu xoşbəxt həyat cənnətdə getdikcə artaraq davam edəcək.
İman gətirib yaxşı işlər görənlər cənnətdə sevinc içində olacaqlar. (Rum surəsi, 15)
Bundan sonra nə çətinliklə qarşılaşsanız da, unutmayın ki, buna gücünüz çatar, öhdəsindən gələ bilərsiniz və səbirlə, gözəl əxlaqla bu sıxıntıdan xilas olarsınız.
Bir məsələdə sıxıldığınızı, narahat olduğunuzu düşünəndə dünyadakı digər insanların vəziyyətinə də nəzər salın və bir az düşünün. Müharibədə aclıq çəkərək ölənləri, ot yeyərək yaşamağa çalışanları, bomba səsləri ilə yuxudan oyananları, evləri başlarına uçurulanları, içməyə su tapmayanları yaxşıca düşünün.
Sahib olduqlarınıza yenidən şükür edin. Sizin bəlkə də bir neçə il geyindiyiniz üçün bəyənmədiyiniz ayaqqabınızı yuxusunda belə görməyən insanları düşünün və halınıza şükür edin.
Sizə verdiyi bütün nemətlər üçün Allaha həmd edin. “Allaha həmd olsun, Sənə şükürlər olsun Allahım”, deyərək gözəllikləri görmək üçün dua edin.

