Allah hər insanın duasını qəbul edir

Sonsuz mərhəmət sahibi olan Rəbbimiz Quranda insanlara çox yaxın olduğunu, Ona dua edənin

Sonsuz mərhəmət sahibi olan Rəbbimiz Quranda insanlara çox yaxın olduğunu, Ona dua edənin duasını qəbul edəcəyini bildirir. Bir ayədə belə bildirilmişdir:

Bəndələrim Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Bəqərə surəsi, 186)

Allah ayədə də bildirdiyi kimi, hər insana çox yaxındır, hər insanın ürəyindən nə keçirdiyini, nə düşündüyünü, nə söylədiyini, nəyi pıçıldayıb dediyini, hətta ağlından nəyi keçirdiyini də bilir. Beləliklə, Allaha üz tutub dua edən, Ondan istəyi olan hər kəsi eşidir və bilir. Bu, insanlar üçün çox böyük bir nemət və Allahın mərhəmətinin, rəhmətinin və sonsuz gücünün göstəricisidir.

Bu həqiqətə iman gətirən hər bir insan duasını Allahın qəbul edəcəyinə ümid edə bilər. Məsələn, amansız xəstəliyə tutulan bir insan, əlbəttə ki, bütün tibbi tədbirlərə əl atar. Amma şəfanı verənin Allah olduğunu bilərək, sağalması üçün yalnız Allaha dua edər və ya qorxu, həyəcan keçirən insan Allahdan qəlbinə rahatlıq verməsi və onu bütün qorxulardan xilas etməsi üçün dua edər.

İşində qarşısına bir çox çətinliklər çıxan insan işlərini asanlaşdırmasını, çətinliklərini həll etməsi üçün Allaha üz tutar. Quranda bir sirr də vardır. “İnsan xeyirə dua etdiyi kimi şərə də dua edər. İnsan tələskəndir” (İsra surəsi, 11) ayəsində də bildirildiyi kimi, insanın hər duası özü üçün xeyirli olmaya da bilər. Məsələn, bir insan övladlarının gələcəyi üçün Allahdan çox böyük mülk və var-dövlət istəyir. Ancaq Allah onun bu istəyində xeyir görməyə bilər. Bəlkə də var-dövlət övladlarının azğınlaşıb lovğalanmalarına səbəb olacaq. Allah həmin insanın duasını eşidər və ən xeyirli şəkildə cavab verər. Yəni Allah insanı eşidir, amma duasında onun üçün bir xeyir görməzsə, onun üçün ən xeyirli olanı yaradır. Bu, çox mühüm bir sirdir. Bu sirri bilməyənlər Allaha dua etdikdən sonra duaları qəbul olunmazsa, Allahın onları eşitmədiyini zənn edirlər. Bu səhv düşüncədir. Allah belə buyurmuşdur:

Allah insana şah damarından daha yaxındır. (Qaf surəsi, 16)

Allah insanın hər düşüncəsindən, həyatının hər anından xəbərdardır. İnsan yatanda da Allah onun hər halını, yuxusunda gördüklərini də bilir. Bunların hamısını yaradan Allahdır. Beləliklə, insan hər dəfə Allaha dua edəndə duasının Allah tərəfindən bir ibadət olaraq qəbul ediləcəyinə və duasına onun üçün ən uyğun zamanda və ən xeyirli şəkildə cavab veriləcəyinə iman gətirməlidir. Dua hər insan üçün çox vacib ibadət və böyük nemətdir. İnsan dua edərək Allahın xeyirli gördüyü hər şeyə sahib ola bilər.

De: “Əgər duanız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz (haqqı) yalan saydınız. Ona görə də (əzab sizi) rahat buraxmayacaqdır!” (Furqan surəsi, 77) ayəsi ilə Allah duanın insanlar üçün əhəmiyyətli olduğunu bildirmişdir.

Dua insanın Allaha ən yaxın olduğu andır. Çünki insan dua edərkən həm Allahın qarşısında nə qədər aciz və gücsüz olduğunu anlayır, həm də ona Allahdan başqa heç bir gücün köməyi olmayacağını dərk edir. Allahın bildirdiyi dua “yalvara-yalvara” edilən duadır:

Rəbbinizə yalvara – yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz! (Əraf surəsi, 55)

Allah başqa bir ayədə isə sıxıntı və ehtiyac içində olanın duasını qəbul edəcəyini bildirir:

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)

Allah dünyanı istəyənlərə dünyanı verər, amma onlar axirəti itirərlər. Allahdan qorxub-çəkinməyən və axirətə iman gətirməyən insanların istəkləri sadəcə dünya üçündür. Onlar zənginliyi, mülkü, şan-şöhrəti ancaq bu dünyadakı həyatı üçün istəyirlər. Allah sadəcə dünyanı istəyənlərin axirətdə heç bir qazancının olmayacağını bildirmişdir. Möminlər isə həm dünya həyatı, həm də axirəti üçün Allaha dua edərlər. Çünki axirətin dünya həyatı qədər dəqiq və yaxın bir həyat olduğuna iman gətirərlər. Allah bunu Quranda belə bildirir:

İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver.” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur! Bəziləri isə: “Ey Rəbbimiz bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi Cəhənnəm əzabından qoru!” – deyirlər. Belə şəxsləri qazandıqlarına görə mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir! (Bəqərə surəsi, 200-202)

Möminlər də dualarında Allahdan sağlıq, zənginlik, elm və gözəllik istəyirlər. Amma onların hər dualarında Allahın məmnunluğu və dinə uyğun niyyət vardır. Məsələn, zənginliyi Allah yolunda sərf etmək üçün istəyirlər. Sadəcə dünya həyatını istəyən, axirəti düşünməyənlərə isə Allah dünyada istədiklərini verir, ancaq onları axirətdə əzab dolu həyat gözləyir. Dünya həyatında sahib olduqları hər bir neməti axirətdə tapa bilməzlər. Allah bu mühüm məlumatı Quranda insanlara belə bildirmişdir:

Biz axirət qazancını istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur. (Şura surəsi, 20)

Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə ona Cəhənnəmi məskən edərik. O, qınanmış, qovulmuş bir vəziyyətdə daxil olar! (İsra surəsi, 18)