Allah, hər çətinliklə bərabər asanlıq da yaradır

Allah dünya həyatında insanları sınayarkən, sonsuz rəhmətinin nəticəsi olaraq, hər çətinliklə

Allah dünya həyatında insanları sınayarkən, sonsuz rəhmətinin nəticəsi olaraq, hər çətinliklə birlikdə mütləq bir asanlıq yaradacağını da müjdələmişdir. Allah ayələrdə bu müjdəni belə bildirir:

Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır. Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır. (İnşirah surəsi, 5-6)

Quranda peyğəmbərlərin və saleh möminlərin həyatına baxdıqda, qarşılaşdıqları çətin kimi görünən hər cür vəziyyətdə, Allahın mütləq bir asanlıq yaratdığı diqqət çəkir. Allah “Fəttah” sifəti ilə hər cür çətinliyi açan, asanlaşdırandır.

Quranda Allah yolunda mübarizə apararkən qarşılaşdıqları hadisələr və məruz qaldıqları zorakılığa görə yaşadıqları yerdən ayrılmaq məcburiyyətində qalan, yəni hicrət edən möminlər nümunə verilir. Bu insanlar bütün işlərini, evlərini, bağçalarını, mallarını buraxaraq, heç tanımadıqları torpaqlara, tanımadıqları insanların yanlarına köçmək məcburiyyətində qalmışdılar. Bu, kənardan baxıldıqda çətin görünən vəziyyətdir. Ancaq Allah Nisa surəsində hicrət edən möminlərin vəziyyətini asanlaşdırdığını və onları nemətləndirdiyini belə bildirir:

Kim Allah yolunda hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allah və Onun Peyğəmbəri yolunda hicrət etmək üçün evindən çıxar, sonra da ölümü çatarsa, onun mükafatını vermək Allaha aiddir. Allah bağışlayandır, rəhmlidir. (Nisa surəsi, 100)

Allah bu vədini Peyğəmbərimiz dövründə yaşayan möminlər üzərində açıq şəkildə göstərmişdir. Dünyəvi dəyərlərə əhəmiyyət verməyən səhabələr Allah yolunda hər cür fədakarlığı edərək müxtəlif çətinlikləri gözə aldıqları üçün Allah bu gözəl əxlaqa qarşılıq, onlara ən gözəl şəkildə ruzi və sığınacaq vermişdi. Onların hər işlərini digər insanlara nisbətən asanlaşdırmışdı. Səhabələrin yaşadıqları bu asanlıq və rəhməti Allah bir ayəsində belə xəbər verir:

Xatırlayın ki, bir zaman siz yer üzündə az və zəif idiniz. İnsanların sizi ələ keçirməsindən qorxurdunuz. Şükür edəsiniz deyə Allah sizə sığınacaq yer verdi, sizi köməyi ilə dəstəklədi və sizə təmiz ruzilər verdi. (Ənfal surəsi, 26)

Digər peyğəmbərlərin həyatındakı daha bir çox nümunə də Allahın möminlərə yaratdığı asanlığın açıq-aşkar göstəriciləridir.

Məsələn, hz. Yusifin həyatındakı bir çox hadisədə Allahın rəhmətindən verdiyi bu asanlıq görünür. Hz. Yusif onu qısqanan qardaşları tərəfindən quyuya atıldıqdan sonra quyunun yanından keçən bir karvan tərəfindən tapılmışdır. Hz. Yusifi quyudan qurtaran şəxslər onu kölə olaraq bir vəzirə satmışdılar. Bir müddət sonra, hz. Yusif heç bir günahı olmadığı halda ona atılan böhtana görə zindana atılmışdır. Hz. Yusifin həyatındakı bu hadisələr ilk baxışda çox çətin bir vəziyyət kimi görünə bilər. Ancaq Allah hz. Yusifin göstərdiyi gözəl əxlaqa və təvəkkülə qarşılıq onu dünyada da mükafatlandırmış və çətinliklərlə birlikdə mütləq asanlıq da verdiyini göstərmişdir. Hz. Yusif başına gələn bir çox mənfi kimi görünən hadisənin vəsiləsi ilə, xəzinənin başına gətirilərək əhəmiyyətli bir rəhbər olmuşdur.

Allah, hz. Musanın həyatında da qarşılaşdığı çətinliklərlə birlikdə asanlıqlar verərək möminləri dəstəkləmişdir. Hz. Musa əsrlər boyu yaşamış ən azğın insanlardan biri olan Firona qarşı mübarizəsində də Allahın köməyi və dəstəyi ilə üstünlük əldə etmişdir. Allah, ona qardaşı Harunu köməkçi olaraq verməsi üçün dua edən hz. Musanın duasını qəbul etmişdir. Bundan əlavə, Allah, hz. Musanı bəzi möcüzəvi hadisələrlə də dəstəkləyərək, onun Fironun cadugərlərinin qarşısında qalibiyyət əldə etməsini də təmin etmişdir. Hz. Musa da ən çətin anlarda belə, Allahın köməyinin iman gətirənlərlə birlikdə olduğunu unutmamışdır. Bir yandan Fironun əsgərləri tərəfindən izlənilərkən, digər tərəfdən də dəniz ilə qarşılaşan hz. Musa, yanındakı möminlərə Allahın köməyinin daim yanında olduğunu söyləmiş və Allahın mütləq bir çıxış yolu göstərəcəyini xatırlatmışdır:

Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” Biz Musaya: “Əsanla dənizə vur!”– deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini (Firon və onun ordusunu) isə suya qərq etdik. (Şüəra surəsi, 62-66)

Peyğəmbərlərin həyatından bir başqa nümunə isə hz. Məhəmmədin müşriklər tərəfindən izlənilərkən, bir mağaraya gizlənməsi əsnasında, yanında bir möminin olmasıdır. Peyğəmbərimiz hz. Məhəmmədin Allaha şirk qoşanların təhdidi altında ikən, yanında kömək edən bir möminin olması Allahın nəsib etdiyi asanlıqlardan biridir:

Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilin ki,) inkar edənlər ikinin ikincisini çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna: “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, – deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və inkar edənlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir. (Tövbə surəsi, 40)

Əslində, insan hikmət gözü ilə baxanda, həyatının hər anında Allahın onun üçün yaratdığı asanlıqları görə bilər. Ancaq bu həqiqəti görə bilən insanlar Allahdan qorxub çəkinən, Allaha təvəkkül edən, hər çətinliklə qarşılaşanda bunun taledə olduğunu bilərək, tək dost və vəlisinin Allah olduğuna iman gətirənlərdir. Allah ayələrində belə bəndələrinə gözləmədikləri yerlərdən ruzi verərək, onların işlərini asanlaşdıracağını bildirir:

…Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar. Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

…Allah hər kəsi yalnız ona verdiyindən məsul tutar. Allah çətinlikdən sonra asanlıq bəxş edər. (Talaq surəsi, 7)

Allahın ayələrində də bildirdiyi kimi, qoyduğu hökmlərə səmimiyyətlə bağlı olanlar üçün mütləq bir asanlıq yaradır. Buna iman gətirən möminlər heç vaxt çətinliklər qarşısında zəiflik göstərmirlər.

Allah İnşirah surəsində də hər çətinliklə bərabər bir asanlıq olduğunu və Onun insanın üzərindəki yükü qaldırıb atan olduğunu belə müjdələmişdir:

Sənin sinəni açıb genişlətmədikmi?! Yükünü səndən götürmədikmi?! Hansı ki, (ağırlığı) sənin belini bükmüşdü. Sənin şanını ucaltmadıqmı?! Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır. Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır. (İnşirah surəsi, 1-6)