Allah həddi aşanları sevmir

Müsəlmanlara lazımsız yerə fitnə törətməmələri və ya şiddətə əl atmamaları əmr olunmuşdur

Müsəlmanlara lazımsız yerə fitnə törətməmələri və ya şiddətə əl atmamaları əmr olunmuşdur. Müsəlmanlara, ancaq hücuma məruz qaldıqları zaman müdafiə məqsədli müharibə aparmağa icazə verilir və bu müharibədə həddi aşan hərəkətlərdən çəkinməklə məsuliyyət daşıyırlar:

Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Bəqərə surəsi, 190)

Allah Quranda müsəlman olmayanlara qarşı da yaxşı davranmalarını əmr edir:

Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir… (Mumtəhənə surəsi, 8-9)

Müsəlman olmayan hər kəsə qarşıya yaxşı davranılmalı, yalnız İslama qəti düşmən olanlardan uzaq olmaq gərək.

Yenə də Quranda müharibədə əsir alınanların bağışlanılması və sərbəst buraxılması nəsihət edilmişdir. Müharibə şəraitində əsir götürülənlər varsa, özləri ac olsa belə əvvəlcə əsirləri doyurmaları əmr edilmişdir:

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər. (İnsan surəsi, 8)

Müsəlmanın üzərinə düşən Allah rizası üçün ən xeyirli olanı seçməkdir. Allah, cinayət törədildiyi zaman belə bağışlamağı xeyirli gördüyünə görə müsəlmanların əsas yerinə yetirməli olduğu hökm budur. Yəni əsas olan şiddətə şiddətlə deyil, bağışlayıcı rəftar göstərməklə qarşılıq verməkdir.

Bu bir həqiqətdir ki, son bir neçə əsrdə dünyanın hər yerindəki müsəlmanlar bəzi Qərb qüvvələr və ya onların əlaltıları tərəfindən zülmə məruz qalıblar. Bu qüvvələr tərəfindən dəstəklənən təzyiqlər də müsəlman cəmiyyətinə böyük fəlakətlər yaşatmışdır. Lakin müsəlmanlar bu vəziyyəti Qurana görə analiz etməli və ona uyğun hərəkət etməlidirlər. Quranda heç vaxt zülmə qarşı zülmlə cavab verilməsinə icazə verilməmişdir. Əksinə, Allah ayələrində müsəlmanlara “pisliyə qarşı yaxşılıqla cavab vermələrini” əmr edir:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

Müsəlmanların, onlara tətbiq olunan zülmə reaksiya vermələri və onu törədənlərə buğz etmələri doğru olandır. Amma bu, heç vaxt şiddətli nifrətə, ədalətsizcə yaşanılan düşmənçiliyə çevrilməməlidir. Allah bu mövzuda müsəlmanları ”(Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin. Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin…” (Maidə surəsi, 2) deyərək xəbərdar etmişdir.

Belə ki, “dünyadakı məzlum millətlərin təmsilçiliyi” iddiası ilə ortaya çıxaraq digər millətlərin günahsız insanlarına qarşı şiddət göstərməyin İslamla heç bir əlaqəsi yoxdur.

Bunu da qeyd etmək lazımdır ki, bəzi Qərb qüvvələrin müsəlmanlara qarşı yuxarıda bəhs etdiyimiz zülm və təzyiqləri bütünlüklə Qərb bölgəsinin deyil, 19-cu əsrdə hakim olan materialist, dindən kənar fəlsəfə və ideologiyaların günahıdır. Avropa müstəmləkəçiliyi öz əsasını xristian dinindən götürmür. Bunlar dindən kənar toplumlar tərəfindən yaradılmış və ən böyük vəhşiliyi 19-cu əsrdə “sosial darvinizm”lə gücləndirən ideologiyalardan qaynaqlanır. Bu gün Qərb dünyasında hələ də zalım, təxribatçı, mübahisə edən ünsürlər olduğu kimi, xüsusilə, xristianlıqdan, musəvilikdən qaynaqlanan sülh, ədalət tərəfdarı, yaxşılıq etməyi sevən mədəniyyətlər də mövcuddur. Əslində, dünyadakı əsas fikir ayrılığı Qərb və İslam dünyası arasında deyil, həm Qərbdə, həm də İslam dünyasında dindarlar ilə din əleyhdarları (materialistlər, ateistlər, darvinistlər və s.) arasındadır.