Allah heç kimə gücünün çatmayacağı yükü qaldırmaz

Bir insanın həyatında qarşılaşdığı hadisələr ona nə qədər çətin kimi görünsə də, əslində, hər

Bir insanın həyatında qarşılaşdığı hadisələr ona nə qədər çətin kimi görünsə də, əslində, hər biri o adamın səbir edə biləcəyi şəkildə meydana gəlir. İnsanı yaradan və ona ruh verən Allahdır. Hər insanın nəyə, nə qədər dözə biləcəyini, nə qədər yükü və çətinliyi qaldıra biləcəyini də ən yaxşı Allah bilir.

Allah kimsəyə qaldıra biləcəyindən çoxunun yüklənməyəcəyini və kimsənin haqsızlığa uğradılmayacağını bir çox ayəsində bildirmişdir:

Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. İnkar edənlər qövmünə qarşı bizə yardım et!” (Bəqərə surəsi, 286)

İman gətirib yaxşı işlər görənlərə gəldikdə, – Biz heç kimə gücü yetdiyindən artıq yükləmərik – onlar cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar. (Əraf surəsi, 42)

Şübhəsiz, hər insanın səbir edəcəyi, təvəkkül göstərəcəyi hadisələr eyni olmaya bilər. Bir çox insan fərqli-fərqli hadisələrlə sınanır. Ancaq nəticədə, Allah hər insanı gücü çatdığı dərəcədə imtahan edir. Məsələn, bəzi insanlar dünyada yoxsul həyat yaşayır və yoxluq içində nə qədər səbir göstərdiyi sınanır. Digərləri isə zənginlik və bolluq içində yaşayır və bu həyat içində nə qədər şüküredici, nə qədər gözəl əxlaqlı olması ilə, dünya həyatına hərisliklə bağlanıb-bağlanmadığı məsələsində sınanır. Amma nəticədə zəngin olan da, yoxsul olan da özləri üçün ən xeyirli həyatı yaşayır. Kasıb olan nə qədər yoxluq çəksə də, bu, onun üçün dayanıla bilməyəcək çətinlik deyildir. Eyni şəkildə, zəngin olan nə qədər bolluq içində olsa da, bu, onu nemətlərə biganə, nankor bir insan olmağa məcbur edə bilməz.

Nəticədə, bu insanların Allaha olan bağlılıqları, hesab günü qorxuları, onların Quran əxlaqını yaşayan, dinin əmrlərini yerinə yetirən insanlar olmalarını təmin edir. Bu insanlar qarşılaşdıqları hər hadisədə daim Allaha yönəlir, Ondan kömək diləyir, yalnız Rəbbimizin razılığını axtarırlar. Belə insanlar heç vaxt çətinliklər qarşısında zəiflik göstərmir, sınandıqları hadisə nə qədər şiddətli olsa da, dindən uzaqlaşmırlar. Bu cür Allaha təslim olan insanlar üçün, sonsuz şəfqətin və mərhəmətin göstəricisi olaraq, ən çətin görünən hadisəni də asanlaşdırır. “İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!” (Kəhf surəsi, 88) ayəsində də bu bildirilmişdir. Allah bu həqiqəti başqa ayələrində isə belə xəbər vermişdir:

Kim (haqq sahibinə) haqqını verər, Allahdan qorxar və ən gözəl olanı təsdiqləyərsə, biz də ən asan olanı onun üçün asanlaşdırarıq. (Leyl surəsi, 5-7)