“…əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.” (Nəhl surəsi, 114)
Allah hər şey kimi, insanlara verdiyi nemətləri də müəyyən məqsədlə yaratmışdır. İnsanın sahib olduğu hər şey (sağlamlıq, iman, ruzi, yaşadığı hər saniyə) Allaha şükür etməsi və Ona yaxınlaşması üçün bir vasitədir. Çünki Allah qullarına sonsuz nemətlər bəxş edən, qarşılıqsız gözəlliklər verən və hər gün yenidən can verəndir.
İnsan şüurlu şəkildə ətrafına göz gəzdirsə, sahib olduğu bütün gözəlliklərin, xoşuna gələn hər şeyin Rəbbimizin lütf etdiyi nemət olduğunu görər. Yediyi bütün qidalar, nəfəs aldığı təmiz hava, ona sevinc bəxş edən bütün gözəlliklər, yaşadığı sağlam həyat və bir çox şey Allahın nemətlərindən sadəcə bir neçəsidir. Allah nemətlərinin böyüklüyünü bir ayəsində belə bildirmişdir:
“Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.” (Nəhl surəsi, 18)
Şeytanın ən böyük hiylələrindən biri insanların şükür etməsinə mane olmaqdır. Çünki şükür etmək Allahın Quranda xüsusi olaraq vurğuladığı ibadətlərdən biridir. Quranın 60-a yaxın ayəsində şükür etməyin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkilir. Allahın təkrar-təkrar insanların diqqətinə çatdırdığı bu əmri qulaqardına vurdurmaq şeytanın ən böyük məqsədlərindən biridir. Quranda şeytanın Allahın hüzurundan qovulmamışdan əvvəl insanları yoldan çıxaracağına dair verdiyi söz belə bildirilir:
“Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən.” (Əraf surəsi, 17)
Şeytanın təsiri altına düşüb dindən uzaqlaşan insanlar şükür etməzlər. Şükür ibadətini ancaq başlarından bəla sovuşduqda, ya da xoşlarına gəlməyən bir vəziyyətdən xilas olduqları zaman xatırlayırlar, sonra yenə küfür dolu həyatına geri qayıdırlar. Quranda fəlakət baş verən zaman dua edən, təhlükə sovuşduqdan sonra isə şirk qoşan insanların misalı çəkilmişdir (Ənam surəsi, 63-64).
I … Halbuki, şükür etmək insanın əhəmiyyətli ibadətlərindən biridir. Çünki bütün insanların həyatı şükür edəcəyi nemətlərlə doludur. Quranda şükür ibadətinə müəyyən hədd qoyulmadığından insan şükür etmək üçün bütün nemətləri bir vasitə kimi görməlidir.
İnsanın şükür etməsi, eyni zamanda, onun Allaha yaxınlığının, dostluğunun və Allaha olan sevgisinin göstəricisidir. Şükür edən insanlar həmişə, hər hadisədə Allahın yaratdığı gözəllikləri və nemətləri görə bilirlər. İnkar edən, yaxud nankor insanlar isə ən gözəl məkanlarda belə hər zaman qüsur axtarır, kiçik detallara ilişir, nəticədə bədbəxt və narahat olurlar. Allahın mükəmməl yaratmasının bir hikməti olaraq bu insanlar hər zaman xoşagəlməz hadisələr və pis mənzərələrlə qarşılaşırlar. Halbuki, səmimi olan və hər hadisəni gözəl görməyi bacaran insanlar üçün Allah gözəllikləri və nemətləri daha da artırır.
Möminlər nə qədər aciz və möhtac olduqlarını dərk etdikləri üçün sahib olduqları hər nemət üçün Allaha daim şükür edərlər. Onlar Allaha təkcə var-dövlətə, mal-mülkə görə şükür etməzlər. Gözəl bir mənzərə ilə qarşılaşanda, işləri asanlıqla həll olunanda, istədikləri bir şey həyata keçəndə, gözəl bir söz eşidəndə, sevgi və hörmət görəndə və saymaqla bitməyən bir çox nemətlə qarşılaşanda dərhal Allaha yönələr və Ona şükür edərlər. Onun sonsuz mərhəmət, şəfqət sahibi olduğunu, Rəhman və Rəhim olduğunu unutmazlar.
Allah onların bu gözəl əxlaqının əvəzinə Quranda bir sirr bildirmişdir. Bu, Allahın şükür edən qullarına nemətlərini artıracağıdır. Məsələn, sağlamlığı və gücü üçün şükür edən müsəlmanın gücünü və sağlamlığını daha da artırar. Elmi və ya var-dövləti üçün şükür edənlərə Allah daha çox elm və mal-mülk verər. Bu ona görədir ki, onlar Allahın hər verdiyi ilə kifayətlənir, sahib olduqlarına sevinir, səmimi şəkildə Allaha yönəlir və yalnız Onu dost bilirlər. Allah bu sirri Quranda belə bildirmişdir:
“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)

