İnsanın özünə aid müstəqil gücü yoxdur. Həyatının hər anında, qarşılaşdığı hər hadisədə Allahın gücünə, mərhəmətinə, ona lütfünü və nemətini bağışlamasına, qorumasına möhtacdır. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz, insanlara bütün dualarını və hər çağırışlarını qəbul edəcəyini bildirərək onları köməyi ilə müjdələmişdir:
Bəndələrim Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Bəqərə surəsi, 186)
Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Şübhəsiz ki, Mənə ibadət etməyi tərk edib təkəbbürlənənlər zəlil bir halda cəhənnəmə girəcəklər”. (Mömin surəsi, 60)
Dünyadakı hər şeyin yeganə hakimi və hər insanın, hər varlığın, maddi-mənəvi hər şeyin tək sahibi olan Allahın insanın hər istəyini eşitməsi, ağlından keçən hər şeyi bilməsi və dualarını qəbul etməsi insan üçün çox böyük bir nemət və rəhmətdir.
İnsan Allahın rizasına, halal və haram sərhədinə riayət edərək heç bir məhdudiyyət olmadan Rəbbimizdən hər şey istəyə bilər. Allah Quranda bir çox peyğəmbərin duasını və bu duaları necə qəbul etdiyini bildirmişdir:
Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” – deyərək səslənmişdi. Beləliklə, Biz onun duasını qəbul edib dərgahımızdan bir mərhəmət və ibadət edənlər üçün bir xatirə olsun deyə onun başına gəlmiş bütün bəlaları sovuşdurduq, ailəsini geri verdik və onlarla yanaşı bir o qədərini də ona bəxş etdik. (Ənbiya surəsi, 83-84)
“Zun-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o, qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində: “Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam” – deyib dua etmişdi. Biz onun duasını qəbul etdik, onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!” (Ənbiya surəsi, 87-88)
Zəkəriyyanı da (yad et)! Vaxtilə o: “Ey Rəbbim, məni yalnız qoyma! Sən varislərin ən xeyirlisisən!” – deyərək Rəbbinə səslənmişdi. Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər. (Ənbiya surəsi, 89-90)
Nuh Bizə yalvarmış, Biz də onun duasını gözəl bir şəkildə qəbul etmişdik. Onu və ailəsini böyük fəlakətdən xilas etmişdik. Yalnız onun nəslini davam etdirdik. (Saffat surəsi, 75-77)
Allah “Nəml” surəsində yalnız peyğəmbərlərin deyil, çətinlik və ehtiyac içində olan hər kəsin duasını qəbul edəcəyini bildirir:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa darda qalan biri dua etdiyi zaman duasını qəbul edib sıxıntısını aradan qaldıran və sizi yer üzünün varisləri edən?! Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz! (Nəml surəsi, 62)
Rəbbinizə yalvarıb yaxararaq və gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz. Yer üzü islah edildikdən sonra orada fitnə-fəsad törətməyin! Həm qorxaraq, həm də (mərhəmətini) ümid edərək Allaha dua edin! Şübhəsiz ki, yaxşılıq edənlərə Allahın mərhəməti çox yaxındır. (Əraf surəsi, 55-56)
Bir insanın Allahdan dilədiyi şeyin reallaşdığını görməsi onun üçün böyük sevinc qaynağıdır. Allahın hər an yanında olduğunu, onu gördüyünü, eşitdiyini, hər düşüncəsindən xəbərdar olduğunu bilmək, səmimi olduğu zaman Allahın hər işində ona kömək edəcəyini, hər istəyini qəbul edəcəyinə ümid etmək möminin Allaha olan sevgisini, təslimiyyətini və bağlılığını artırar.
İnsan həyatı boyu bir çox insanın ədalətsiz davranışına şahid olur. Bir çoxları ticarətində, bəziləri şahidlik edərkən, bəziləri də bir məsələ barəsində qərar verərkən ədalətli davranmır, öz mənfəətini güdür. Ədalət, insanın üstün əxlaq sahibi, dürüst və səmimi olduğunun ən mühüm göstəricilərindən biridir. Cəmiyyətdə öz mənafelərinə ziyan dəyməsini belə nəzərə almadan ədalətli və haqlı davranan insanlara qarşı sevgi və hörmət bəslənilir. Bu xüsusiyyətləri ilə tanınan insanlar fərqli dünyagörüşünə malik olsalar da, hörmət görürlər, hətta qəhrəman elan edilirlər.
Allah isə sonsuz ədalət sahibidir. Allah hər hökmünü ədalətlə verir. Bütün dövrlərdə yaşamış insanların hamısı Allah Qatında layiq olduqları qarşılığı almış və bundan sonra da əskiksiz şəkildə alacaqlar.
Hər insan Allah Qatında etdiklərinin tam əvəzini alır. Allah, ədalətinin axirət günündə necə qüsursuzca təzahür edəcəyini ayələrində belə bildirir:
O gün bütün insanları rəhbərləri ilə birlikdə çağıracağıq. Əməl dəftəri sağ tərəfindən verilənlər öz əməl dəftərlərini oxuyacaq və onlar cüzi bir haqsızlığa belə məruz qalmayacaqlar. (İsra surəsi, 71)
De: “Rəbbimiz (axirət günü) bizi toplayacaq, sonra da bizim aramızda haqq ilə hökm verəcəkdir. O, ən ədalətli hökm verəndir, hər şeyi biləndir”. (Səba surəsi, 26)
Allahın ədalətinə güvənmək isə insanın Allaha sonsuz sevgi və etibarla təslim olmasına vəsilə olur. Allaha tam təslim olan insan hansı hadisə ilə qarşılaşırsa-qarşılaşsın, Rəbbimizin daima ədaləti yaradacağına güvənərək onun üçün yaratdığı hər hadisəni sevinclə qarşılayır.
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmazdan əvvəl bir kitabda (Lövhi-məhfuzda yazılmış) olmasın. Şübhəsiz ki, bu, Allah üçün asandır. (Hədid surəsi, 22)
Göyləri və yeri altı gündə yaradan, sonra ərşə istiva edən Odur. O, yerə batanı da, oradan çıxanı da, göydən enəni də, ora yüksələni də bilir. Harada olursanız olun, O sizinlə birlikdədir. Allah sizin etdiklərinizi görür. (Hədid surəsi, 4)

