Allah Quranın “… Elə bir ümmət yoxdur ki, onlara xəbərdar edən bir elçi gəlməmiş olsun.” (Fatir surəsi, 24) ayəsi ilə keçmişdən bu günə qədər yaşamış bütün insan cəmiyyətlərinə insanları xəbərdar etmək vəzifəsi daşıyan elçilər göndərdiyini bildirmişdir. Bu elçilər yaşadıqları cəmiyyətlərə Allahın əmr etdiyi din əxlaqını, yerinə yetirməli olduqları ibadətləri müxtəlif yollarla izah etmiş, onları cənnətlə müjdələmiş, cəhənnəm əzabı ilə xəbərdar edib qorxutmuşlar. Bundan başqa, elçilər Allahın dinini yaşamaqda göstərdikləri həssaslıq, sahib olduqları üstün əxlaq və güclü Allah qorxusu ilə ətrafındakı insanlara hər zaman nümunə olmuşlar. Allahın bütün insanları elçilər vasitəsilə xəbərdar etməsinin digər səbəbi isə ayədə belə bildirilmişdir:
Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir (Nisa surəsi, 165)
Bu, Allahın üstün ədalətinin bir təcəllisidir. Hesab günündə Allaha qarşı daşıdığı məsuliyyətlər barədə məlumatsız olduğunu deyərək bəhanə gətirəcək, Allahın əzabı ilə xəbərdar edilməmiş heç bir insan olmayacaq və hər kəs layiq olduğu qarşılığı tam ədalətlə alacaqdır.

