Din əxlaqından uzaq cəmiyyətdə Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilmişdir. İnsanlar hər an Allaha yönələ biləcəkləri halda, bunun üçün zamanlar təyin etmişlər və ya araya vasitələr qoymuşdurlar. Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edir:
De: “Mənə vəhy olunanların içində murdar olmaları səbəbilə leş, qan, yaxud donuz əti və ya günah olaraq Allahdan başqasının adı ilə kəsilmiş heyvan istisna olmaqla, yemək yeyən bir kimsəyə haram edilmiş bir şey görmürəm. Kim məcbur qalarsa, həddi aşmadan zəruri ehtiyacı qədər (yeyərsə, bilsin ki), Rəbbin şübhəsiz, bağışlayandır, rəhmlidir! (Ənam surəsi, 145)
Allaha dua etmək üçün müxtəlif vasitəçilərə gərək olduğunu söyləyən insanlar, əslində, dini çətin göstərərək insanları yoldan döndərirlər. Çünki “İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.” (Qaf surəsi, 16) ayəsi ilə bildirildiyi kimi, insana ən yaxın olan daima Allahdır. Yəni insan dilədiyi zaman Allaha yönələ bilər, dilədiyi anda Rəbbimizə səsini eşitdirə bilər, dua ilə kömək diləyə bilər.
Dua etmək üçün xüsusi vaxtlar təyin etməyə də ehtiyac yoxdur. Hər an, hər dəqiqə Allaha dua edilə bilər. Əks halda, insan özbaşına qaydalar çıxartmış olar. İnsan bir yerə gedərkən, nərdivanlardan enərkən, alver edərkən, yemək hazırlayarkən, televizora baxarkən, liftdə olarkən, bir yerdə gözləyərkən, gecə yatarkən, səhər qalxarkən, nahar edərkən, avtomobil sürərkən, bir sözlə, hər yerdə və hər zaman Allaha dua edərək Allahdan istədiklərini diləyə bilər. Bunun üçün ağlından keçirməsi belə kifayətdir, çünki Allah insanın sinəsində gizlətdiklərini bilən, hər şeydən xəbərdar olandır.
Bununla birlikdə Allaha dua edən hər kəs Allahın dualara mütləq cavab verəcəyini bilməlidir. Allah ehtiyacı olan insanların daima Ona yönəldikləri təqdirdə işlərini asanlaşdıracağını bu ayə ilə bildirir:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa darda qalan biri dua etdiyi zaman duasını qəbul edib sıxıntısını aradan qaldıran və sizi yer üzünün varisləri edən?! Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz! (Nəml surəsi, 62)
Allahın bəndələrinə verdiyi bu sonsuz imkan, şübhəsiz ki, sonsuz rəhmətinin bir təzahürüdür. Allah Quranda insanlara yaxınlığını, Ona yönələnlərin vəlisi olacağını və dua edənin duasına, şübhəsiz, cavab verəcəyini bir çox ayəsində bildirir. Bu ayələrdən biri belədir:
Bəndələrim Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Bəqərə surəsi, 186)
Möminlər Allahın bu rəhməti və neməti üzərində bir daha düşünərək, Allahın rizasına uyğun yaşamalıdırlar. Çünki Allahın onlara verdiyi bu asanlıq elə böyük və sərhədsiz imkandır ki, hər şeyin Hakimi, Sahibi olan Allah insanlara istədikləri hər şeyə cavab verəcəyini vəd edir və Allah qəti olaraq vədindən dönməz.

