Allah bu qısa həyatı insanları sınaqdan keçirərək yaxşı və doğru olanları digərlərindən ayırd etmək üçün yaratmışdır

Dünya həyatı əsl həyatımız deyil

Bir çox insan dünyada qüsursuz və mükəmməl bir həyatın qurula biləcəyinə inanır. Vacib maddi imkanların əldə ediləcəyi təqdirdə bu dünyadakı həyatın insanı tamamilə razı və xoşbəxt edə biləcəyini düşünür. Geniş yayılmış fikrə görə, insan maddi baxımdan zəngin olarsa, bu zəmində ailə qurarsa, cəmiyyətdə güclü mövqeyə sahib olarsa və digər insanların qarşısında hörmət qazanarsa, qüsursuz həyata sahib olmuş olar. Bu anlayış Quranda qəti şəkildə rədd edilir. Əksinə, Qurani-Kərimdə dünyada sürdüyümüz ömrün əsla nöqsansız, mükəmməl olmayacağı bildirilir. Çünki həyat belə qurulmuşdur.

“Dünya” kəlməsinin kökü çox önəmli bir məna verir. Bu kəlmə ərəbcə “dəniy” sifətindən əmələ gəlmişdir. “Dəniy” isə alçaq, zəlil, bəsit, dəyərsiz kimi mənalara gəlir.

Necə ki, Qurani-Kərimdə dünya həyatının dəyərsizliyi, əhəmiyyətsizliyi tez-tez vurğulanır. Dünya həyatını gözəlləşdirdiyi düşünülən zənginlik, ailə, mövqe, mənsəb, müvəffəqiyyət kimi amillər Qurana görə müvəqqəti və aldadıcı səhnədən başqa bir şey deyil. Allah bir ayədə dünya həyatı haqqında bunları bildirir:

“Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr, sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, dünya malına uymayanları isə Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan, yalandan başqa bir şey deyildir.” (Hədis surəsi, 20)

Başqa ayələrdə də insanın dünya həyatına görə necə aldanması belə göstərilir:

“Lakin siz dünyanı üstün tutursunuz, halbuki axirət daha xeyirli və daha sürəklidir.” (Əla surəsi, 16-17)

Ayələrdə də bildirildiyi kimi, sözügedən insanlar dünya həyatını axirətdən üstün tuturlar. Bunu edərək Allaha iman gətirmir və Qurani ayələrindən üz çevirirlər. Qurani-Kərimdə bu insanlar:

“Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanlar” (Yunis surəsi, 7) şəklində təqdim edilməklə hər birinin sonsuz cəhənnəm əzabı ilə qarşılaşacaqları bildirilir. Əlbəttə, dünya həyatının əskiklikləri bu dünyada gözəl şeylərin heç olmaması mənasına da gəlmir. Əksinə, Allah dünyada cənnəti xatırladacaq qədər bir çox gözəl nemətlər yaratmışdır. Lakin bu gözəlliklərlə yanaşı, cəhənnəmə aid olan nöqsanlar da vardır.