Allahın sonsuz şəfqəti və mərhəməti insanlar üçün çox böyük nemətdir. Çünki insan qəflətə düşən, unudan, yanılan, səhv edən varlıqdır. Allah sonsuz mərhəməti ilə insanlara hər zaman səhvlərinə görə bağışlanma diləmək və tövbə etmək imkanı vermişdir. Allahın əzabına düçar olma qorxusu ilə səmimi olaraq günahlarının bağışlanılmasını istəyən hər insan Allahın onu bağışlamasını ümid edə bilər. Çünki Quranda bildirildiyi kimi, “Allah, sizin tövbələri qəbul etmək istəyir…” (Nisa surəsi, 27). Allah bir ayəsində də bağışlayıcı olduğunu belə bildirir:
Kim pis bir iş görər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər. (Nisa surəsi, 110)
Allah bağışlayıcılığı ilə insanlara həyatı boyunca, davamlı olaraq yeni fürsətlər verir. İnsanın etməli olduğu tək şey səhvinə bir daha qayıtmamaq üçün səhvlərindən əl çəkməsi və ölüm anı gəlmədən əvvəl vicdanının səsini dinləyərək tövbə etməsidir. Allah yalnız səmimiyyətsiz insanların tövbələrinin qəbul edilməyəcəyini bir ayəsində belə bildirir:
Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, – deyən kimsələrin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)
Allahın, insanların günahlarını bağışlaması, cəzalarını təxirə salması və onlara həyatı boyunca hər an yeni imkan verməsi insanlara olan lütfünün, rəhmətinin və mərhəmətinin təzahürüdür. Əgər insanlar günahlarına görə dərhal sorğulanaraq cəzalandırılsaydılar, Allahın bildirdiyi kimi yer üzündə canlı olan heç bir varlıq qalmazdı:
Əgər Allah insanları etdikləri haqsızlıqlara görə (bu dünyada) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onları (cəzalarını) təqdir olunmuş bir vaxta qədər təxirə salır. Onların əcəli gəlib çatdığı zaman nə bir an geri qalar, nə də bir an irəli keçə bilərlər. (Nəhl surəsi, 61)
Buna görə də, insanlar səhvləri və ya günahları nə olursa olsun, heç vaxt Allahın razı olduğu kimi bəndə ola bilmək üçün gecikmiş deyillər. İnsan həyatı boyunca nə qədər səhv etsə də, dindən nə qədər uzaq olsa da, səmimi olaraq tövbə etdiyi və saleh bəndə olduğu təqdirdə, keçmişdə etdiyi səhvləri düşünməsinə ehtiyac yoxdur. Keçmişdə yaşananlar insanlar üçün ancaq bir ibrət vəsiləsi, eyni səhvlərə təkrar qayıtmaması, bənzərlərini bir daha etməməsi üçün öyüd almalı olduğu xatirələrdir. Allah, xəbərdarlıq alıb doğru yolu tapan saleh bəndələrini keçmişindən məsul tutmayacağını Quranda xəbər vermişdir:
…Allah keçmişdə olanları bağışlamışdır. Kim (bu işləri) təkrar edərsə, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam sahibidir. (Maidə surəsi, 95)
İnkarçılara de: “Əgər (inkar etməkdən) əl çəksələr, onların keçmiş günahları bağışlanacaq. Əgər (o işlərə) geri qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələcəkdir. (Ənfal surəsi, 38)
Şübhəsiz, bu, Allahın dində insanlara lütf etdiyi böyük bir asanlıqdır.

