Allah atomda mükəmməl sənət nümayiş etdirir

Atomlardan qurulan həyat

Bizlər atomlardan əmələ gələn bir bədənlə yaşayır, havadakı atomlarla nəfəs alır, qidadakı atomları yeyir, su atomlarını içirik. Gördüklərimiz isə gözümüzdəki atomların elektronlarının fotonlarla toqquşmasından başqa bir şey deyil. Toxunaraq hiss etdiyimiz nə varsa, onlar da öz növbəsində dərimizdəki atomların əşyaların atomlarını itələməsindən ibarətdir…

Əlbəttə, bu gün insanların çoxu bədənlərinin, dünyanın, bir sözlə, hər şeyin atomlardan ibarət olduğunu bilirlər. Amma bəlkə də bu günə qədər atom adlandırdığımız nəsnənin hansı sistemə və quruluşa sahib olduğunu düşünməyiblər. Düşünəndə isə bu fövqəladə sistemin dərinliyinə getməyiblər. Bunun fiziklərin işi olduğunu düşünüblər. Halbuki insan həyatı boyunca bu qüsursuz sistemlə iç-içə yaşayır. Özü də bu, elə bir sistemdir ki, təkcə oturduğunuz stulu əmələ gətirən trilyonlarla atomun hər biri haqqında kitab yazılacaq qədər mürəkkəb quruluşa sahibdir. Yalnız bir atomun yaranmasını, sistemini, gücünü izah etmək üçün böyük kitablar yazılmalıdır. Texnologiya inkişaf etdikcə və kainat haqqındakı məlumatlarımız artdıqca bu kitabların sayı daha da çoxalır…

Bəs bütün bu sistemlər necə yaranıb? Böyük partlayışın ardınca ətrafa səpələnən zərrəciklər atom əmələ gətirə bilməzdi. Sonra da təsadüfən uyğun şərait yarana və bu atomlar maddəyə çevrilə bilməzdi. Bu qədər mükəmməl sistemi, şübhəsiz ki, heç vaxt təsadüflərlə izah etmək olmaz. Çünki ətrafımızda gördüyümüz və görmədiyimiz nələr varsa, hamısı atomlardan ibarətdir və bu atomlar çox mürəkkəb şəkildə hərəkət edirlər. Bəs bu hərəkəti kim yönəldir? Bədənimizin sadəcə atomlardan ibarət olduğunu düşünsək, onlardan hansı hansını idarə edir? Digər atomlardan fərqlənməyən beyninizin atomlarımı? Əgər beyin atomlarının digərlərini idarə etdiyini desək, onda bu sualları cavablandırmaq lazımdır:

Əgər beyin atomlarının hamısı idarəedicidirsə, öz aralarında necə və nəyə əsasən qərar verirlər?

Beyini əmələ gətirən trilyonlarla atom öz aralarında necə əməkdaşlıq edirlər?

Nəyə görə trilyonlarla atomdan heç biri bu qərara etiraz etmir?

Atomlar arasında rabitə necə yaranır?