İnsanların bir çoxunun din haqqındakı bilgiləri uşaqlıqdan etibarən ətrafından aldıqları təlqinlərlə yoğrulub. Dini əsl mənbəyindən, yəni Qurandan öyrənmədikləri üçün də din adı altında bir çox xurafata, əsassız inanca sahib olurlar. Bu inancların ən təhlükəlisindən biri isə dini yaşamağın çətin olduğu şəklindəki həqiqətə uyğun olmayan inancdır.
Tarix boyu, dini özündən kənarlaşdırmağı məqsəd edən və dinin yaşanmasına maneə yaratmaq üçün müxtəlif üsullara əl atan şəxslər dinə bir çox çətinlik və xurafat qatmağa çalışmışlar. Törətdikləri əməllərə görə bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşlar. Halbuki, Allahın Quranda bildirdikləri, dinin yaşanmasının səmimi insanlar üçün çox asan olduğunu öyrədir.
Əvvəlcə bunu ifadə etmək lazımdır ki, Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah, dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağırıldığını belə xəbər verir:
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)
Rəbbimizin şəfqət və mərhəməti olaraq əsrlər boyu göndərilmiş bütün haqq dinlər hər zaman çox asan tətbiq oluna bilən hökmlərə sahib olmuşdur. Çünki Allah insanlar üçün daim asanlıq diləmişdir və “…Allah, sizə asanlıq diləyər, çətinlik diləməz…” (Bəqərə surəsi, 185) ayəsi ilə bu həqiqəti xəbər vermişdir. Allahın sərhədlərinə təslim olan bir insan eyni zamanda yaradılışına ən uyğun olan gözəl həyatı yaşayan insandır.
Bu həqiqəti bilməyən bəzi insanlar isə din əxlaqının sərhədləri qalxdığı təqdirdə daha rahat yaşayacaqlarını, məsələn əxlaqi dəyərlərə əhəmiyyət vermədikləri zaman azad olacaqlarını düşünürlər. Ya da dinin həyatını çətinləşdirəcək bəzi məhdudiyyətlər gətirəcəyini zənn edirlər. Halbuki bütün bunlar sadəcə yanılmadır. Çünki Allahın dinini yaşamaq, insanlara əmr etdiklərini yerinə yetirmək çox asandır. Əsl çətin olan, Allahın bildirdiyi sərhədləri tanımayan insanlardan ibarət olan bir cəmiyyətdə yaşamaqdır. Belə bir həyatın sonu çox pis nəticələrlə bitir.
Əvvəla, din əxlaqından uzaq yaşayan cəmiyyətdə və ya dinsiz insanların həyatında həmişə xaos, qarışıqlıq, narahatlıq, qorxu, bədbəxtlik və stress vardır. Allahdan qorxmayan bir insan hər cür əxlaqsızlığı edir və heç bir mövzuda sərhəd tanımır. Belə bir həyatda insanlar bir-birlərinə qarşı fədakarlıq göstərmir, sevgi, hörmət bilmir, maddi və mənəvi dəstək vermirlər. Buna görə də belə bir həyat heç vaxt, heç bir insana xoşbəxtlik gətirmir. Din əxlaqının sərhədləri qalxdığı zaman insanın dinclik tapacağı mühitin tam tərsi meydana gəlir və şeytanın istədiyi kimi cəhənnəmə bənzər mühit meydana gəlir.
Məsələn, indi tez-tez nümunələrinə rast gəldiyimiz hadisələrdən; narkotik istifadəsinin və ticarətinin yayılması, fahişəliyin, rüşvətin, saxtakarlığın qarşısı alına bilməyən vəziyyətə gəlməsi insanların bütünlüklə dindən, mənəvi hər cür dəyərdən və gözəllikdən uzaqlaşması ilə əlaqəlidir. Belə mühitdə insanlar guya azad və istədikləri kimi davrandıqlarını zənn edirlər. Halbuki, bu yanaşmanın gətirdiyi maddi və mənəvi itki, azadlıq zənn etdikləri hisslərdən daha böyükdür. Düşünün ki, fahişəlikdən, narkotikadan və ya spirtdən sağlamlığı pozulmuş, bədəni yaşına görə daha sürətlə yaşlanmış, saçları, dərisi parlaqlığını və canlılığını itirmiş, əldən düşmüş, səfil bir həyat sürən insanların qazancı nə ola bilər? Həqiqətən də, sərhəd tanımazlıq, əxlaqı heçə saymaq, məqsədi olmayan və sonunun yoxluq olduğu sayılan bir həyatı davam etdirmək, istisnasız hər insanda fiziki və ruhi olaraq çox böyük təxribatlar meydana gətirər. Üstəlik bu nəticələr hər kəsin görə biləcəyi, əsla inkar edə bilməyəcəyi qədər açıq və qətidir.
Burada verilən nümunələrin çox adi nümunələr olduğunu düşünənlər ola bilər. Ancaq bu bir həqiqətdir ki, insan din əxlaqından nə qədər uzaq yaşasa, Allahın sərhədlərini nə qədər tanımazsa, o qədər bədbəxt və çətin həyat tərzi keçirər. Bir insanın adi həyat yaşaması isə onun asan və xoşbəxt həyatı olduğu demək deyil. Bəlkə də, bu insanlara nisbətən bir az daha rahat həyat yaşayar. Amma həqiqi xoşbəxtliyi və hüzuru əsla tapa bilməz. Üstəlik nəticə olaraq da bu insan, Allahın əmrlərindən uzaqlaşdığı üçün böyük peşmanlıq duyacağı, çətinliklərin və əzabların ən böyüyünü yaşayacağı axirət həyatı ilə qarşılaşar.
Allahdan qorxan və din əxlaqını dəqiq yerinə yetirən insanlar isə həm dünyada, həm də axirətdə böyük nemət sahibidirlər. Hər şeydən əvvəl, Allaha itaət etməyin mənəvi həzzini və vicdanı rahatlığını yaşayırlar. Onlar üçün daima bir müjdə və gözəllik vardır. Allah, razılığına uyanları və sərhədlərini qoruyanları bir ayəsində belə müjdələyir:
Onlar tövbə edən, ibadət edən, şükür edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işləri əmr edib pis işləri qadağan edən və Allahın (halal-haram) hüdudlarını qoruyanlardır. Belə möminləri müjdələ! (Tövbə surəsi, 112)
Dinin əslini qavraya bilməyən bəzi şəxslər din mövzusunda ifrata yol verirlər. Necə ki, bəzi insanlar azadlıq adı altında sərhədləri tanımırlarsa, bəzi şəxslər də təqva adı altında Allahın qoyduğu sərhədləri dəyişdirmək, çətinləşdirmək cürətini göstərirlər. Bu, əslində şeytanın insanlara qurduğu tələdir. Bu insanlar Allahın haram etmədiyini haram kimi göstərib, daha çox qadağa meydana gətirməyi üstünlük zənn edirlər. Hətta qoyduqları bu qaydalara da gərəyi kimi riayət etmir və bir də bunun vicdani çöküntüsünü yaşayırlar. Allah bir ayəsində hz. İsadan sonra isəviləri azdıran xristianları bu mövzuya nümunə olaraq verir:
Sonra onların ardınca peyğəmbərlərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Ona tabe olanların qəlbinə şəfqət və mərhəmət qoyduq. Uydurduqları rahibliyi Biz onlara vacib etmədik. Onlar özləri Allahın rizasını qazanmaq üçün bunu etdilər, lakin buna da lazımi şəkildə riayət etmədilər. Onlardan iman gətirənlərə mükafatlarını verdik. Ancaq onların çoxu fasiqlərdir. (Hədid surəsi, 27)
Buna görə də, Allah inananları bu təhlükəyə qarşı xəbərdar etmiş və dində ifrata gedənlərin doğru yoldan azdıqlarını Quranda bildirmişdir:
De: “Ey kitab əhli, dininizdə haqsız yerə həddi aşmayın! Daha əvvəl öz yolundan azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış olan bir qövmün arzularına uymayın!” (Maidə surəsi, 77)
İnsanın əməl edəcəyi tək şey, Quranda Allahın insanlara əmr etdiklərini yerinə yetirmək və qadağan etdiklərindən də uzaqlaşmaqdır. Allah hər şeyi insanlar üçün asan edərkən dini çətinləşdirməyə çalışanlar axirətdə bunun məsuliyyətini öz üzərinə götürmüş olaraq hesab verəcəklər.

