Ağrının meydana gəlməsi də Allahdan bir rəhmətdir

Ağrının meydana gəlməsi də, Allahdan bir rəhmətdir

Ağrının meydana gəlməsi də, Allahdan bir rəhmətdir. Əksər insan bu neməti dərk etmir və indiyə qədər bəlkə də, bunu heç düşünməyib. Amma ağrılar sayəsində insan, bədənində yolunda getməyən vəziyyət olduğunu anlaya bilməkdə, həkimə gedib bu narahatlığını müalicə etdirə bilməkdədir.

Əgər ağrı olmasaydı, insan nə mədəsində bir narahatlıq olduğunu anlayacaq, nə də böyrəklərindəki bir daşın varlığını dərk edəcəkdi. Fərq etmədiyi üçün də, ancaq xəstəliyi davamlı bir hal alıb, kənardan fərq ediləcək formaya çevrildiyində bu vəziyyəti başa düşə biləcəkdi. Ancaq Allah hər xəstəliyin əlamətlərini, mərhəmətinin bir təcəllisi olaraq insanlara hiss etdirməkdə, buna görə də, bir çox xəstəliyə əvvəldən diaqnoz qoyula bilməkdədir.

Qoxu hiss etmə duyğusu da, Allahın Rəhman və Rəhim sifətinin bənzərsiz təcəllisidir. İlk anda ağlımıza gələn qoxuları sıralayaq: Güllər, qərənfillər, yasəmənlər, lavandalar, çəmən otu və fərqli bitkilərin bahar aylarında ətrafa yaydıqları təəccüblü qoxular; çiçək açmış portağal, naringi və limon ağaclarının ətrafa yayılan qoxuları; müxtəlif ətirlərin xoşagəlimli qoxuları; müxtəlif ədviyyatların qoxuları; səhər oyandığımızda mətbəxdən gələn qızarmış çörək, çay və ya qəhvənin cazibədar qoxuları, manqalda bişən ətin qoxusu ya da sabunun tərtəmiz qoxusu…

Bu qoxular sonsuz lütf sahibi və bənzərsiz var edən Rəbbimizin bizlərə təqdim etdiyi çox böyük nemətlərdir. Qoxu olaraq təyin etdiyimiz şey əslində obyektlərdən buxarlaşan kimyəvi dənəciklər, yəni molekullardır. Məsələn, təzə üyüdülmüş qəhvə qoxusu hesab etdiyimiz və hiss etdiyimizdə bizə xoş gələn qoxunun qaynağı qəhvəyə aid uçucu qoxu molekullarıdır.

Buxarlaşma nə qədər sıx olsa, meydana gələn qoxu da o cür nəzərə çarpan olar. Sobada bişməkdə olan bir keksin bayat kekslə nisbətlə daha çox qoxu yaymasının səbəbi sobadakı keksdən daha çox qoxu zərrəsinin mühitə yayılmasıdır. Çünki istinin təsiri ilə qoxu molekulları havada sərbəst hərəkət etməyə başlayır və geniş sahəyə yayıla bilirlər.

Bu nöqtədə insan həyatı üçün təşkil edilmiş bəzi həssas tarazlıqların olduğuna diqqət çəkmək lazımdır. Hal-hazırda olduğunuz mühitdə daş, dəmir, şüşə kimi iy verməyən maddələr var. Çünki bu saydıqlarımız otaq istiliyində buxarlaşmazlar. Bir anlığına otağınızdakı hər şeyin iy verdiyini fərz edək. Belə bir vəziyyətin nə qədər narahatlıq doğuracağını heç düşündünüzmü?

Maraqlı olan digər bir həqiqət də, suyun aşağı temperaturda buxarlaşma xüsusiyyətinin olmasına baxmayaraq qoxusunun olmamasıdır. Sudakı bu xüsusi yaradılış da çox əhəmiyyətlidir. Beləcə quru bir gül ilə yeni sulanmış, üzərində su damlaları olan bir gülün qoxusu arasında fərqlilik olmaz. Digər ifadə ilə, gülün təbii qoxusu pozulmamış olur. Üstəlik havada olan su buxarı yəni nəm, mövcud qoxunun təsirini gücləndirir. Məsələn yağış sonrası buxarlaşan su molekulları çiçəklərin qoxulu dənəciklərini də havaya qaldırır və çiçəklərin xoşa gələn qoxularının ətrafı əhatə etməsinə kömək edir.

Qoxulardakı müxtəliflik də, Allahın çox böyük lütfüdür. Hələ də, təbiətdə nə qədər fərqli növdə qoxu olduğu bilinmir. Milyonlarla fərqli molekulun varlığı diqqətə alınsa, təbiətdə çox müxtəlif qoxu olduğu deyilə bilər. Bunları müəyyən kateqoriyalarda toplamaq üçün işlər görülmüş, lakin qoxuların fövqəladə müxtəlifliyi səbəbi ilə mümkün qruplaşdırma əldə edilə bilməmişdir.

Rəbbimiz dünya üzərindəki nemətləri insanların ehtiyaclarını aradan qaldıracaq və onlara fayda verəcək şəkildə var etdiyi kimi, eyni zamanda onların ruhlarına xitab edəcək və onlara zövq verəcək şəkildə də yaratmaqdadır. Yeməklərdəki, bitkilərdəki böyük qoxular da, Allahın şəfqətinin çox gözəl dəlilləridir. Çünki gözəl qoxu bir ehtiyac deyil, insanın xoşuna gələn, ruhuna zövq verən gözəllikdir. Allah yaxşılığı bol olan, sonsuz səxavət sahibi olan və bəndələrinə gözəlliklər təqdim edəndir.

Qoxuya xarakteristik xüsusiyyətini verən, molekullar arasındakı mikroskopik fərqliliklərdir. Nümunə olaraq, bişmiş təzə yumurta ilə çürük yumurtanı bir-birindən ayıran xüsusiyyət, ətrafa yaydıqları dənəciklərin quruluşundakı fərqlilikdir. Müxtəlif molekulların kimyəvi quruluşu arasındakı fərqliliklər isə olduqca həssas fərqə söykənir. Belə ki, tək bir karbon atomu dəyişikliyi belə gözəl qoxunu xoşagəlməz qoxuya çevirə bilər. Kainatın hər nöqtəsindəki yaradılış, qoxu molekullarının strukturunda da ilk baxışda fərq edilir.

Kofenin, lavanda çiçəyinin və ya çiyələyin özlərinə xas qoxuları, qoxu molekullarını meydana gətirən atomlar və aralarındakı əlaqələrin xüsusi olaraq təşkil edilməsinin nəticəsidir. Hər molekul müəyyən məqsədlə, tam olması lazım olduğu kimi planlanıb. Şübhəsiz bu möhtəşəm yaradılış, ayədə bildirildiyi kimi, “O, hər şeyi yaratmış və onlara müəyyən ölçü və nizam vermişdir.” (Furqan surəsi, 2) olan Allaha aiddir. Və bütün bu detallar zəruri bir ehtiyac üçün deyil, insanın nemətlərdən daha çox zövq ala bilməsi üçün var edilib. Sonsuz lütf sahibi olan Rəbbimizdən bəndələrinə bir lütfüdür.

Zövqlərimizlə qoxular arasında çox əhəmiyyətli tarazlıq və uyğunluq var. Bizə faydalı olan maddələrin qoxuları xoşumuza gəlir, bizə zərərli olanlar isə qoxuları ilə bizi özlərindən uzaqlaşdırırlar. Bədənimizə faydalı olan qidalardan gələn qoxular bizdə məmnuniyyət duyğusu oyandırır və o maddələrə qarşı maraq duymamıza səbəb olurlar. Acdıqda bişən yeməyin qoxusu bizi yemək yeməyə təşviq edir; beləcə həm yeməkdən zövq alarıq, həm də bədənimizin ehtiyaclarını qarşılamış oluruq.

Digər tərəfdən, bədənimiz qəbul etdiyi maddələri həzm etməklə məşğul ikən və yeni bir qidaya ehtiyac duymaz ikən, yemək qoxusu bizə çox da cazibədar gəlməyəcək. Pis qoxu olaraq xarakterizə etdiyimiz qoxuların qaynaqları isə, ümumiyyətlə bizim üçün zərərli maddələrdir.

Zəhərli kimyəvi maddələri pis qoxularından rahatlıqla tanıya bilərik. Bakteriyaların fəaliyyəti nəticəsində meydana gələn pis qoxular da, bizi xəbərdar edərək o maddələrdən uzaq dayanmağımızı təmin edirlər. Çürümüş bir meyvənin və ya xarab olmuş bir yeməyin ətrafa yaydığı ağır qoxular insanları təhlükəyə qarşı xəbərdar edirlər.

Qoxulardakı bu tənzimləmənin insan sağlamlığı baxımından həyati əhəmiyyəti olduğu müzakirə edilməzdir. Ümumiyyətlə, təhlükəli və ya zərərli maddələr pis qoxu verirlər və beləcə dərhal ayırd edilirlər. Məsələn cəfəri, zəhərli olan badyan bitkisinə görünüşcə çox bənzəyir. Lakin qoxuları bir-birlərindən tamamilə fərqlidir. Cəfərinin özünə xas qoxusu, badyanın isə son dərəcə narahat edici, pis qoxusu var. Bu sistem olmasaydı, badyanı cəfəri zənn edərək yanıla bilərdik və ya zəhərli bir kimyəvi maddəni meyvə şirəsi sanaraq içə bilərdik.

Yaşadığımız müddət zəhərlənmə təhlükəsi ilə iç-içə yaşayardıq. Buna tədbir olaraq da, hər halda əlimizdə nəyin faydalı nəyin zərərli olduğunu açıqlayan siyahılar və kitablarla gəzmək məcburiyyətində qalardıq. İnsanın həyatı boyu təsir edici qoxuları qəbul edə bilməsi Allahın diləməsi ilə reallaşır. Bütün bunlar vicdan sahibi insanların Allahın sonsuz qüdrətini, elmini və mərhəmətini düşünmələrinə və Rəbbimizin bu qədər sevgisinə və yaxşılığına layiq ola bilmək üçün hərəkətə keçmələrinə bir vəsilədir.

Kainatın hər nöqtəsində görülən həssas tarazlıqlar, qoxu hiss etmə sistemində də özlərini müəyyən edirlər. Hər canlının qoxu hiss etmə potensialı, ehtiyaclarını qarşılamaq üçün yaradılıb. İnsanı ələ alaq. Əgər qoxu hiss etmə həssaslığımız daha az olsaydı, bizim üçün təhlükə meydana gətirən vəziyyətləri anlamaya bilərdik. Qoxu hiss etmə duyğumuz bir itdəki qədər güclü olsaydı, hər an diqqətimizi dağıdan və olduqca narahat edən vəziyyətlər ortaya çıxardı.

Bu tarazlıqlar qoxu molekullarının quruluşunda da görülə bilər. Məsələn, normal şərtlərdə bizə gözəl gələn bir qoxu yüksək konsentrasiyada olduqda xoşumuza gəlməz. Bitkilərin qoxuları bağçada olduqca təsir edicidir, ancaq eyni bitkilərdən hazırlanan essensiya narahat edicidir. Bu da onların qoxularının insan üçün ideal nisbətdə yaradıldığının göstəricisidir. Qoxu ilə bağlı hər detalın insan həyatı üçün xüsusi olaraq yaradıldığı və Allahdan bir nemət olduğu açıqdır. Ehtiyac duyduğumuz yeməkləri və bitkiləri sahib olduqları cazibədar qoxularla birlikdə yaradan Rəhman və Rəhim olan Allahdır.

Sonsuz lütfkarlıq və lütf sahibi olan Rəbbimiz, bədənimizin hər sistemində olduğu kimi qoxu hiss etməyi də bizim zövqümüzə uyğun olaraq yaradıb. Sonsuz mərhəməti və şəfqəti ilə, faydalı olan şeylərin qoxularını bizə sevdirmiş, zərərli olanlarını isə çirkin göstərmişdir. Bizim üzərimizə düşən, iylədiyimiz gözəl qoxuları Allahın yaratdığını və bunları bizlərə lütf etdiyini düşünüb şükür etməkdir. Bu gözəl əxlaqı göstərənlər, Allah diləsə, bu nemətlərin əsillərinə daimi olaraq cənnətdə qovuşacaqlar. Allahın nemətlərini yalanlayıb nankorluq edənlər isə, cəhənnəmdə sonsuza qədər bu nemətlərdən məhrum olaraq yaşayacaqlar.

Dad alma duyğusu da, Rəbbimizin dünya həyatında var etdiyi bənzərsiz nemətlərdəndir. Növbənöv yeməklərin, şirniyyatların, ətlərin, balıqların, tərəvəzlərin, şorbaların, salatların, tortların, meyvələrin, içəcəklərin, cemlərin, dondurmaların, konfetlərin və digər qidaların şahanə dadlarının yanında Allah, bunların hər birini anlamağımız və onlardan zövq ala bilməyimizi təmin edən sistemləri də bədənimizdə yaratmış, sonsuz mərhəmətinin bir təcəllisi olaraq bu nemətləri insanların xidmətinə təqdim etmişdir.

Bu sistemlərdən ikisi, bizim üçün son dərəcə əhəmiyyətli olan “qoxu”“dad alma”dır. İnsan qoxu və dad alma, dünyanın zənginliyini ancaq onların vasitəsilə kəşf edə bilər. Düşünün ki, bu sistemlər olmasaydı dad, qoxu, ləzzət kimi anlayışlar sizin üçün bir məna ifadə etməyəcəkdi. Yediklərinizin və içdiklərinizin gözəl qoxularını və dadlarını ala bilmədiyinizi fərz edin; nə qədər əhəmiyyətli olduqlarını dərhal qavrayarsınız.

Məsələn, çiyələyi çiyələk edən onun qoxusu və dadıdır; bunları hiss edə bilməsəniz, çiyələyin nə demək olduğunu da bilə bilməzsiniz. Dünyaya gəldiyinizdən bu yana qoxu və dad alma duyğularınızı istifadə edir, on minlərlə qoxunu və dadı heç bir çətinlik çəkmədən qəbul edə bilirsiniz. Çünki bunu mümkün edən möhtəşəm sistemlərə sahibsiniz.

Qoxu və dad alma hissləriniz bir ömür boyu ara vermədən, tək bir səhv etmədən sizin üçün fəaliyyət göstərirlər. Üstəlik bunları əldə etmək üçün heç bir təhsil almadınız, xüsusi səy göstərmədiniz.

Əlbəttə bəhs edilənlər, üzərində dərin düşünüləcək iman həqiqətləridir. Şübhəsiz, sahib olduğumuz hər şey kimi, bu möcüzə nemətləri də, aləmlərin Rəbbi Uca Allah yaratmışdır. Qoxu və dad alma sistemləri araşdırılsa, bu qüsursuz sistemlərin heyranlıq oyandıran yaradılış dəlilləri ilə dolu olduğu açıq-aşkar görülər. Allahın yaratmasındakı qüsursuzluq Quranda belə bildirilir:

O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir. (Həşr surəsi, 24)

İnsan bədəninin həyati funksiyalarının davam edə bilməsi üçün qidaya və suya ehtiyacı var. Beləcə trilyonlarla hüceyrəmizdəki əməliyyatlar üçün lazımlı enerjini təmin edirik. Yemək yeyərkən, əslində sağlamlığımıza birbaşa təsir edəcək qərarları da alırıq. Nəyi yeməyimiz nəyi yeməməyimiz lazım olduğunu bilirik. Hansı qidaların bəsləyici və yenilə bilən olduğunu, hansılarının qida dəyəri daşımadığını, hansılarının zərərli ola biləcəyini anlayırıq.

Pis dadlarını dərhal qəbul etdiyimiz xarab olmuş qidaları zibil qutusuna atırıq. Turşluq nisbətinə baxaraq, yetişmiş bir meyvəni yetişməmiş olanından ayırd edirik. Turşuluğuna görə dadlarından tanıyırıq. Bədənimizdəki vəziyyəti sabit saxlamaq üçün lazımlı olan mineral duzları və mayeləri, hüceyrələrimizdəki zülal sintezində istifadə edilən amin turşularını, enerji ehtiyacımızı qarşılayacaq karbohidrat və yağları əldə edə biləcəyimiz qidaları asanlıqla seçə bilirik.

Bundan əlavə, nəyi nə vaxt yemək, nə vaxt yeməmək lazım olduğunu da bilirik. Özümüzü halsız hiss etdiyimiz dövrlərdə vitamin, mineral və şəkər nisbəti yüksək qidaları seçirik. Təzyiqimiz düşdükdə duzlu qidalar qəbul edir, yüksəldikdə isə duzlu yemək və içkilərdən uzaq durarıq. Bunların hamısını edə bilməmizə imkan verən möcüzə bir sistemə, dad alma duyğusuna sahibik.

Dad alma sistemimiz, zülalları, ionları, kompleks molekulları və bir çox kimyəvi qarışığı analiz edir; bir ömür boyu dayanmadan bizim üçün çalışır. Üstəlik gündəlik qida ehtiyaclarımızı qarşılayarkən, yeməklərin, içkilərin, meyvələrin, tortların, şirniyyatların bənzərsiz dadlarından böyük zövq alırıq.

Bu günə qədər daddığınız bir-birindən ləziz yeməkləri və içkiləri gözünüzün qarşısına gətirməyə çalışın: Susuzluğunuzu aradan qaldırmaq üçün içdiyiniz limonad və ya meyvə suları, yay istisində yediyiniz yemiş və ya qarpız, manqalda bişirilən kabab, meyvəli və ya şokoladlı dondurma, çiyələkli tort, plov, bal…

Bu gözəllikləri, sonsuz lütf sahibi olan Rəbbimizin xidmətimizə verdiyi dad alma mexanizmi sayəsində hiss edirik. Allahın insanlar üçün gözəl və təmiz qidalar yaratdığı Quranda belə bildirilir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib sizi ən gözəl surətə salan və sizə təmiz qidalardan ruzi verən Allahdır. Bu, sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah çox ucadır. (Mömin surəsi, 64)