İnsan bütün canlılar kimi Allah tərəfindən bir məqsədlə yaradılmışdır. İnsanın yaradılış məqsədini və dünya həyatında necə yaşayacağını öyrənə biləcəyi qaynaq Allahın qullarına rəhbər olaraq endirdiyi Qurandır. Allah “Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz Bizə qaytarılmayacaqsınız? (Muminun surəsi 115)” ayəsində insanların müəyyən bir məqsədlə yaradıldığını bildirmişdir. Bu məqsədin nə olduğu isə başqa ayələrdə izah edilmişdir. İnsanın yaradılış məqsədi “…insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. (Zariyat surəsi 56)” ayəsində xəbər verildiyi kimi Allaha qulluq etməkdir.
Sadəcə Allaha ibadət etmək üçün yaradılan insanın qarşısında təxminən altmış-yetmiş illik qısa ömür vardır. Bu ömür, eynilə, qum saatında olduğu kimi heç dayanmadan axır, insan axirətə doğru addımlayır. Hər kəs özü üçün təyin olunmuş müddət ərzində yer üzündə qalacaq. Bu vaxtın məlumatı Allah qatında gizlidir. İnsanın həyatı heç kimin dəyişdirə bilməyəcəyi şəkildə, Allah tərəfindən yazılmış qədər üzrə davam edir.
Dünya üzərindəki hər şey vaxtı gələndə yox olacaq. Açıq-aşkar olan həqiqət isə “… dünya həyatı axirət həyatı ilə müqayisədə çox cüzi bir şeydir. (Rəd surəsi 26)” ayəsində də bildirildiyi kimi, sonsuz axirət həyatının yanında dünya həyatının çox qısa olduğudur. Çünki dünyada hər şey köhnəlməyə, yaşlanmağa və yox olmağa məhkumdur. Zaman hər kəsi və hər şeyi mütləq təxribata uğradır və bu keçici dünyaya bağlananlar böyük itkiyə məruz qalırlar.
İnsan dünyada qarşılaşdığı hadisələrə göstərdiyi davranışlarla, sahib olduğu əxlaqla və qəlbindəki niyyəti ilə sınanır və sadəcə: “İman etdim” , – deməsi kifayət deyildir. İmanı davranışlarına da əks olunmalıdır. Çünki qiyamət günündə gizli, yaxud açıq olan həyatına aid hər şey meydana gətiriləcək, çox həssas haqq-hesab gedəcək. Bu hesabda “… xurma çərdəyindəki tel qədər (Nisa Suresi, 49) “belə haqsızlığa məruz qalmayacaq. Etdiyi yaxşılıqları çox olanlar sonsuz gözəlliklərlə bəzənmiş cənnət yurdu ilə mükafatlanacaq, pisliyi və zülmü seçənlər isə sonsuz cəhənnəm əzabı ilə qarşılıq görəcəklər. Çünki Allah bu qısa həyatı insanları sınaqdan keçirərək yaxşı və doğru olanları digərlərindən ayırd etmək üçün yaratmışdır. “Mülk” surəsində bu həqiqət belə bildirilir:
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur… (Mülk surəsi 2)

