Ağlı dərinləşdirmək

İnsanlar imanın dərəcəsinə görə bir-birindən fərqlənirlər

İnsanlar imanın dərəcəsinə görə bir-birindən fərqlənirlər. Bəziləri Allaha heç iman gətirmir. Bəziləri isə güclü Allah qorxusuna görə daima xeyirli işlər görməyə və dinə xidmət etməyə çalışır. Bu işdə sanki yarışırlar. Ancaq Allahın Quranda “…Yaxşı işlər görməkdə bir-birinizlə yarışın…” (Maidə surəsi, 48) əmri ilə bildirdiyi bu yarış Quran əxlaqından uzaq olan insanların bir-birini əzməsi şəklində rəqabət deyil, əksinə, xeyirli işləri, gözəllikləri artırmaq yarışıdır. Çünki möminlərin yarışmaqda məqsədləri dünyəvi mənfəət əldə etmək və ya insanlar arasında üstünlük qazanmaq deyil.

Möminlər sadəcə Allahın əmrlərini yerinə yetirməkdə, Onun bəyəndiyi əxlaqı yaşamaqda və Rəbbimizi razı etməkdə yarışarlar. Quranda möminləri Allah qatında dəyərli edən ünsürün yaxşı işlərdə yarışmaq olduğu bildirilmişdir:

Məhz onlar yaxşı işlər görməkdə bir-biri ilə yarışar və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)

Bu, möminlərin Allah sevgisinin, Allah qorxusunun və imanının tələbidir. Çünki insanın səmimiliyi və ixlası Allahın rizasını qazanmaq üçün göstərdiyi səylə ölçülər. Allaha və axirətə könüldən iman gətirən insan Allahın rizasının ən çoxunu qazanmağı və Allaha ən yaxın insan olmağı məqsəd edər. Allahın ondan razı qalmasını, ona rəhmət etməsini və cənnətinə layiq görməsini istəyir. Odur ki, əlindən gəldiyi qədər çalışır. Ağlından, vicdanından və bütün bacarığından istifadə edərək Quran əxlaqı ilə mükəmməl yaşamağa çalışır.

Möminlərin yaxşı işlər görməkdə yarışmasının digər səbəbi də dünya həyatının çox qısa, ölümün də çox yaxın olduğunu dərk etmələridir. Hər an öləcəklərini və Allahın rizasını qazanmaq üçün kifayət qədər cəhd etmədiklərinə görə axirətdə peşman olacaqlarını bilirlər. Çünki axirətə keçdikdən sonra insanın yenidən dünyaya qayıdıb yaxşı işlər görməkdə yarışması, saleh əməllər etməsi mümkün deyil. Bu səbəbdən də əməlisaleh müsəlmanlar daha çox savab qazanmaq üçün zamanla yarışırlar. Dünya həyatında onlara verilmiş müddətdə bacardıqları qədər çox saleh əməl etməyə çalışırlar.

Bu məqsədlə, qarşılarına çıxan hər saleh əməli şövqlə edir, hər fürsəti yaxşı dəyərləndirməyə çalışırlar. Möminlər bu şövqlə və qətiyyətlə Allahın “(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!” (İnşirah surəsi, 7) əmrini yerinə yetirirlər. Bir an belə boş vaxt keçirməməyə çalışır, Allah rizasını qazanmaq üçün özlərini yetərli hesab etməyərək şövq və istəklə xeyir işlər görməkdə yarışırlar. Dünya həyatında keçirdikləri hər saniyəyə görə axirətdə cavab verəcəklərini, vicdanlarını dinləmədiklərinə görə və xeyirli əməllər var ikən boş işlə məşğul olduqları hər andan məsul olacaqlarını unutmurlar. Ona görə də öz ehtiyaclarından artıq qalan vaxtlarını daima yaxşı işlərə sərf edirlər.

Möminlər səhərdən axşama qədər daima dinə xidmət etməyə, dinin və möminlərin mənfəəti üçün saleh əməllər etməyə, qısaca, hər addımda Allahın rizasına uyğun davranmağa çalışırlar. Bunun üçün daima düşünmək, dua etmək, Allahın rizasına ən uyğun davranışı axtarıb tapmaq və yerinə yetirmək lazım gəldiyini bilirlər. Ona görə də daima Allaha yaxınlaşmaq, Onun böyüklüyünü layiqincə təqdir etmək üçün dərin düşünürlər. Düşünmədikləri, dünyanın müvəqqəti mənfəətinə aludə olub axirəti unutduqları bir an belə keçirməzlər. Tam yəqinliklə iman gətirdiklərinə görə həyatının hər anını Allah üçün keçirir və qəflətə düşmürlər. Fasiləsiz Allahı və Onun böyüklüyünü düşünmək Allah qorxularını artırır.

Belə əməlisaleh bəndələr, Allahın izni ilə, dünyada ikən dayanmadan cəhd edərək yarışıb önə keçdiklərinə görə, axirətdə də əbədiyyən ən gözəl məkanlarda yerləşəcək və nemət içində olacaqlar:

(Xeyirxah işlərdə) öndə gedənlər, öndədirlər! Onlar yaxınlaşdırılmış kimsələrdir. Onlar Nəim cənnətlərində olacaqlar. Onların çoxu əvvəlki nəsillərdən, az bir qismi də axırıncılardandır. (Onlar) bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər. (Vaqiə surəsi, 10-16)

Hər insan vicdanının səsini dinləyib səmimi olsa, Allahın izni ilə, Quranda örnək göstərilən əməlisaleh möminlər kimi Quran əxlaqı ilə yaşaya bilər. Allah bir ayədə bunu belə açıqlayır:

Sonra, kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Fatir surəsi, 32)

Ayədə açıqlandığı kimi, bəzi insanlar uca Allahın çağırdığı yola tabe olmayıb zərər çəkənlərdən olur, ancaq bəziləri də yarışıb önə keçir və xilas olmağa ümid bəsləyirlər. Güclü imana malik hər mömin gücünün çatdığı qədər ən üstün əxlaq səviyyəsinə çatmağa çalışar. Çünki Allahın sevgisini və razılığını ancaq bu şəkildə qazana bilər. İnsanın əsl yaradılış məqsədi də budur. Rəbbimizin qədrini layiqincə təqdir edib Onun rizasını, sevgisini və cənnətini qazanmaq…

Kamil iman sahibləri Allaha inancında və sədaqətində qətiyyətli olurlar. Bu da ancaq Allaha yəqinliklə iman gətirməklə mümkündür. Yəqinliklə iman gətirmək Allahın və axirətin varlığına ağıl, qəlb və vicdanla qəti inanmaq deməkdir. Quranın “O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar” (Bəqərə surəsi, 4) ayəsi möminlərin bu xüsusiyyətini bildirir. Kamil iman sahibləri hər an vicdanının səsini dinləyirlər. Bu da, Allahın izni ilə, həmişə Qurana uyğun, Allahın rizasına uyğun davranmalarına səbəb olur. Allah bu səmimi əxlaqla yaşayan bəndələrini belə müjdələyir:

Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar. (İsra surəsi, 19)