Quranın başa düşülməsi üçün Allah Qatından xüsusi bir ağıl, anlayış və qavrayış verilməli olduğu, Allahın Quran ayələrində bildirdiyi bir həqiqətdir. Quranın hamısını bilmək, doğru şərh etmək və ərəbcə bilmək Quranı başa düşmək üçün lazım olan xüsusiyyətlərdir. Lakin bütün bu xüsusiyyətlərə sahib olmaqla bərabər Uca Allahın başa düşmək qabiliyyəti verməməsi, Qurandan heç bir nəsibi olmamasına səbəb olar.
Buna görə də, yalnız texniki bəzi xüsusiyyətlərə sahib olmaq Quranı lazım olduğu kimi başa düşüb şərh etmək üçün yetərli deyildir. Tarix, görünüşdə bir çox elmi biliyə sahib olduqları halda Quranı azğın bir şəkildə şərh edib dəlalətə düşənlərin nümunələriylə doludur. Bir çox azğın kütlənin və məzhəbin qurucuları bu cür alim kimi görünən lakin Allah Qatından bir ağıl və anlayış verilməmiş kəslərdir. Bunlar həm özlərinin, həm də özlərinə tabe olan cahil və ağılsız kütlələrin İslamdan uzaqlaşmalarına səbəb olmuşlar.
Necə ki, Peyğəmbərimizin dövründə, Quranı başa düşə bilməyib inkar edən Məkkə müşriklərinin vəziyyəti, Quranı başa düşmək üçün yalnız ərəbcə bilmənin yetərli olmadığının da konkret göstəricisidir.
Allah Qatından bir anlayış verilməsinin ən əhəmiyyətli şərtlərindən biri Allah qorxusu və səmimiyyətdir. Nəfsinə tabe olmaq isə bu anlayışın qazanılmasına mane olar. Buna görə də, Qurana mənfi ruh halı ilə, Allahın bəyənmədiyi bir niyyət və düşüncə ilə yaxınlaşmaq Quranı səhv başa düşməyə və şərh etməyə səbəb olar.
Nəfsə tabe olmaq insanın ağlının itirməsinə səbəb olacağı üçün, belə bir adamın Quranın sirlərini, incəliklərini, dərinliklərini qavraması təsəvvür edilə bilməz. Nəfsinə tabe olan adam ağlını işlətmək qabiliyyətinə sahib olmadığı üçün ayələri kobud və səthi formada şərh edər, Qurandakı ilahi hikmətləri görə bilməz.
Həmçinin, nəfsinin istəklərinə tabe olan adam Quranı da öz nəfsinin istəklərinə və maraqlarına uyğun şəkildə şərh edəcəyindən, ayələrdə Allahın bildirdiyi mənaları görə bilməsi mümkün olmaz. Nəfsinin istəklərinə tabe olan adamın ağlından istifadə edə bilmədiyi ayələrdə belə bildirilir:
Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar. (Furqan surəsi, 43-44)
Bu cür kəslər Quranı başa düşə bilmədikləri kimi, normal ağla sahib insanların asanlıqla dərk edə biləcəkləri mövzuları belə başa düşməkdə çətinlik çəkərlər. Ayələr ilə hadisələr arasındakı əlaqələri yarada bilməzlər. Nəticədə də, öz ağılsızlıqlarına görə ayələri öz aləmlərində ziddiyyətli zənn edərlər. Ağılları o dərəcə itmişdir ki, bu cəhətdən heyvanlardan belə aşağı vəziyyətə düşürlər.
Quranı doğru başa düşmək və şərh etmək üçün çox yaxşı düşünmək lazım olduğu Quranda bildirilmişdir. Bitməyən elm xəzinəsi olan Quranı səthi bir gözlə, düşünmədən hər hansı bir kitab kimi oxumaq Qurandan lazım olduğu kimi istifadə edilməsinə mane olacaqdır. Uca Allah Quranda insanları həmişə ağıllarını istifadə etməyə, düşünməyə dəvət edir.
Düşünmək, ağlından istifadə etmək, Quranın mənalarını, incəliklərini, sirlərini və hikmətlərini görməyə səy göstərmək Quranı haqqıyla başa düşə bilmək üçün lazımlıdır. Allah Quranda, insana öz nəfsini, yaradılış məqsədini, dünyanın əsl mahiyyətini, insanın ətrafında baş verən hadisələrin hikmətini və bunun kimi insanın özü və ətrafı ilə əlaqədar bir çox mövzunu izah edir.
Bu səbəbdən də, insanın öz nəfsi, ətrafındakıları və yaşadığı hadisələri Quran ayələrinə əsasən qiymətləndirərək bu hadisələrdəki hikmətləri görərək və bunlar haqqında çox dərin düşünərək Quranı başa düşməyə çalışması lazımdır. Ayədə Quranın düşünənlər üçün izah edildiyi bildirilir:
Rəbbinin doğru yolu budur. Artıq Biz ayələri düşünən bir qövmə izah etdik. (Ənam surəsi, 126)
Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik. (Yunis surəsi, 24)
Ayələr düşünən insanlar üçün izah edildiyinə görə, düşünməyən kəslər ayələrdəki mənanı qavraya bilməzlər, bu səbəbdən düşünməyən kəslər Quranı başa düşə bilməzlər.
Həqiqətdə, insan öz daxilində və xaricində yaşadığı hər hadisədən bir çox ibrət almalıdır. Allah Quranı, insanın bunları necə şərh etməsi və izah etdikdən sonra necə davranması lazım olduğunu göstərən bir rəhbər olaraq endirmişdir.
Yəni Quran insanın yaşadığı hər anı izah edən və nizama salan bir yol göstəricidir. İnsanın hər anını əhatə edən və sonsuz elm və hikmət sahibi Allahın göndərdiyi bu mübarək Kitabı lazım olduğu kimi başa düşmək də əlbəttə ki, Quranı Allahın şəninə yaraşan bir şəkildə düşünərək və ağlını işlədərək oxumaqla olar.
Necə ki, “Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (Sad surəsi, 29) ayəsi ilə də Quranın ciddi bir şəkildə üstündə düşünülməsi və öyüd alınması lazım olan bir Kitab olduğu xəbər verilir. Quranı lazım olduğu kimi düşünmənin əhəmiyyəti bir başqa ayədə də belə vurğulanır:
Məgər kafirlər bu Söz haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? (Müminun surəsi, 68)
Quranı aləmlərin Rəbbi olan Allah endirmişdir. Buna görə də, bitməyən və üstün bir elmi özündə ehtiva edir. Qurandakı elm, Allahın sifətlərindən yaradılışın hikmətlərinə, insan ruhunun incəliklərini dünyanın, kainatın və axirətin həqiqətlərinə və sirlərinə qədər saysız mövzunu əhatə edir. Bu səbəbdən, olduqca sadə və əsaslı bir izahat daxilində yer alan bu məlumatları qavramaq da ancaq dərin düşüncə, açıq şüur, iti diqqət, səmimi qəlb və təmiz vicdan ilə olar.
İnsanın qürurlu olması da, Quranı başa düşməsi üçün çox böyük bir maneədir. Çünki qürurlu bir insan özünü hər kəsdən üstün gördüyü üçün, Qurana lazım olan təvazökarlıq şüuru üzrə yaxınlaşa bilməz. Quranda acizliyini, sahib olduğu hər şeyi və hər xüsusiyyəti Allahın verdiyini xatırladan ayələri görməyə səbir edə bilməz.
Öyüd almağa, Allahın əmrlərinə qarşı boyun əyməyə, qadağalarına riayət etməyə, təslimiyyətli davranmağa yanaşa bilməz. Bunları təkəbbür və qüruruna sıxışdıra bilməz. Bütün bunlara görə də, Quranı təkəbbürlü və qürurlu olan şəxsiyyəti üçün bir mane olaraq görər. Onu təkzib edə bilmək üçün var gücüylə mübarizə aparar, ayələr haqqında bacardığı qədər mübahisə edər. Təkəbbürlənənlərin ayələri başa düşə bilməyəcəkləri Quranda belə xəbər verilmişdir:
Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular. (Əraf surəsi, 146)
Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)
Qürurlu bir insan, öz ağlını, mədəniyyətini, elmini hər kəsdən üstün görər. Buna görə də, sahib olduğu akademik karyera, mədəniyyət, informasiya kimi xüsusiyyətlər, bu adamın Qurandan hərtərəfli uzaqlaşmasına səbəb olar. Elm adamı və ya alim bir insan olaraq görünüb də Quran haqqında ağılsız iddialar irəli sürənlərin bu vəziyyəti də, qürurun, hər kim olursa olsun Quranı başa düşməyi əngəlləyən canlı bir nümunədir. Bu cür insanların vəziyyəti ayələrdə belə təsvir edilir:
Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir. (Mömin surəsi, 56)
O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ!. (Casiyə surəsi, 8)
Bütün bu ayələrdən, Quranı doğru başa düşə bilmək üçün təkəbbürlənməyən, təvazökar, Allaha tam təslim olmuş, boyun əyən, Uca Allahın sonsuz qüdrəti qarşısında bir “heç” olduğunun dərk edən quruluşa sahib olmaq lazım olduğu aydın olur.

