İnsanların çoxunu fərqində olmadan öz təsiri altına salmış batil bir din vardır. Bu, özünü büruzə verməyən, gizli bir dindir. Heç bir yazılmış qaydası yoxdur. Adı da yoxdur. Lakin insanların hərəkət və davranışlarını, düşüncələrini təsiri altına salır. İnsanların çoxu fərqində olmadan həyatı boyu bu dinin qaydalarını tətbiq edir, bu dinin əmr və qadağalarına görə yaşayırlar. Bu batil din İslam, xristianlıq və ya musəvilik deyil. Bu batil dinin qanunları ilə yaşayan insanlardan soruşduqda: “Mən müsəlmanam”, – və ya: “Mən xristianam”, -deyə bilərlər. Bəziləri də dinsiz, hətta ateist də ola bilərlər. Lakin hər biri, əslində, bu gizli dinin mənsubudur.
Bu batil din başlanğıcda insanlara bir din kimi tanıdılmır. İnsanlar bu dini dünyaya gəldiklərindən etibarən aldıqları təlqinlər nəticəsində mənimsəyirlər. Buna görə də hərəkət, düşüncə, hətta mimikalarının belə bu dindən qaynaqlandığını düşünməzlər.
Bu batil din ona bağlananlara ilk olaraq “adam” olmağı öyrədir. Adam olmaq bu dinin dəyər və mühakimələrini mənimsəmək, qayda və davranış tərzlərinə əməl etmək və həmin dinin xüsusiyyətlərinə yiyələnmək deməkdir. Cəmiyyət tərəfindən qəbul edilmək, mühakimə olunmamaq, müəyyən bir mövqe qazanmaq üçün adam olmaq vacibdir. Bu dinin adı “Adamlıq dini”dir. Adamlıq dini insanları səmimiyyətsizliyə, süni və məcburi davranışlara sürükləyir. Bu batil dinə tabe olan insanların çoxu olduqları kimi rahat və təbii davrana bilmirlər. Yaşadıqları mühitə uyğun olduğunu düşündükləri davranış və hərəkətlərdən, mimikalardan istifadə edir, hər rola girə bilirlər. Və bununla birlikdə son dərəcə təbii və normal həyat yaşadıqlarını zənn edirlər.
Bu batil sistem, nəticədə, özünə belə səmimi ola bilməyən, saxta şəxsiyyətə malik olan insan modellərini ortaya çıxarır. Hər cəhətdən çətin olan şeytani bir dinin cəmiyyətin bütün təbəqələrini təsiri altına salmasının ən mühüm səbəbi yuxarıda qeyd etdiyimiz kimi, adının olmamasıdır. Bu şeytani dinin mənsubları dinlərini mühakimə etməyi, tərk etməyi, ya da dəyişdirməyi ağıllarının ucundan belə keçirmirlər.
Çünki yaşadıqları sistemin bir din olduğundan xəbərsizdirlər. Tabe olduqları sistemi həyatın həqiqətləri, dəyişilməyən qaydaları olaraq görməyi də bir fəzilət kimi zənn edirlər.
İnsan yaşadığı bu halı tərk etmədikcə, adamlıq dinindən qopub ayrılmadıqca İslamı əsl mənası ilə qavrayıb yaşaya bilməz. Çünki İslamın əsas şərtlərindən biri səmimiyyət və təbiilikdir. İnsanın İslamı yaşaması və bilavasitə əsl xoşbəxtliyi tapması ancaq Allaha, özünə və digər insanlara qarşı son dərəcə səmimi olması ilə mümkün ola bilər. İman ancaq səmimiyyətin üzərinə qurulur. Adamlıq dininin təsirindən xilas olmaq üçün isə, əvvəlcə, bu şeytani dini təsvir etmək lazımdır.
Peyğəmbərimiz “Din nədir?” sualına cavab olaraq: “Getdiyiniz yoldur”, -cavabını vermişdir. Bu cavab mövzunu ən hikmətli şəkildə nəticələndirir. Din insan və cəmiyyətin bütün dəyərlərini, əxlaqını, həyat tərzini ehtiva edir. Məsələn, “Yusif” surəsinin 76-cı ayəsindəki “din” sözü bu mənadadır:
Beləcə, (Yusif) qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı. Sonra onu (su qabını) qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir görməyi öyrətdik. (Yoxsa) Allahın diləməsi istisna olmaqla, kralın qanunlarına görə qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz dilədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır. (Yusif surəsi, 76)
Quranda inkar edənlərin də bir dinə mənsub olduqları müxtəlif ayələrdə xəbər verilir. Məsələn, firon hz. Musa haqqında qövmünə belə demişdir:
Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o Rəbbini (köməyə) çağırsın. Həqiqətən, mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”. (Mömin surəsi, 26)
Başqa ayələrdə də kafirlərin rəsulların gətirdiyi haqq dinə qarşı batil dinlərinə bağlılıqları belə izah edilir:
Onlar öz içlərindən xəbərdar edən bir peyğəmbərin gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır. O, bütün ilahları bir ilahlamı əvəz etdi? Bu, həqiqətən, qəribə bir şeydir”. Onların başçıları çıxıb gedərək: “Gedin öz ilahlarınıza bağlı qalın! Şübhəsiz ki, istənilən şey budur. Biz bunu sonuncu dində də eşitməmişik. Bu ancaq bir uydurmadır. (Sad surəsi, 4-7)
Yazılanlardan aydın olduğu kimi, hər insanın bir dini vardır. Allahın dininə tabe olmayanlar, hətta özünü ateist olaraq adlandıranlar belə, əslində, dinsiz deyildirlər, batil bir dinin mənsubudurlar. Bu dinlərin bir qismi müasir dövrdə din olaraq tanınmaya bilər. Ancaq Quranda ifadə edildiyi kimi, hamısı bir dindir. Məsələn, marksizm də batil dindir, çünki bu ideologiya bəzi insanların getdikləri yoldur. Marksistlər Marksın ortaya qoyduğu düşüncə sistemini mənimsəmiş, onun düşüncəsini qəbul etmişlər. Dünyanı onun qoyduğu meyarlara görə qiymətləndirirlər. Necə mövcud olduqlarını və ölümün nə olduğunu da Marksın (və Engelsin) elmdən kənar məntiqlərinə əsaslanaraq açıqlayırlar. Qısacası marksizmə inanır, həyatını ona görə yaşayır və hadisələri ona görə qiymətləndirırlər.
Marksizm yalnız bir nümunədir. Ona bənzər yüzlərlə fərqli din (yəni fəlsəfə, düşüncə sistemi və s.) ola bilər. Marksizmə tamamilə zidd olan ideologiyalar da dindir. Təbii ki, bütün bu dinlər batil dinlərdir və əsasən də insanları Allahın yolundan azdırmaq məqsədilə ortaya çıxmışdır.
Burada ən əsas nöqtə budur: Dünyada ideologiyası, fəlsəfəsi nə olursa olsun, haqq dindən uzaqlaşmış insanların tabe olduqları yeganə batil bir din vardır. Bu din də “adamlıq dini”dir. Və şeytanın insanları haqq dindən azdırmaq və uzaqlaşdırmaq üçün istifadə etdiyi ən hiyləgər və ən təsirli silahlarından biridir.

