3 günah əməl

Ayədə möminin çəkinəcəyi üç mühüm davranışdan söhbət açılır

Ey iman gətirənlər! Zənnin çoxundan uzaq durun! Həqiqətən, zənnin bir qismi günahdır. Bir-birinizi güdməyin və bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı?! Gördünüzmü bu sizdə ikrah hissi oyatdı. Allahdan qorxun! Şübhəsiz ki, Allah tövbələri çox qəbul edəndir, rəhmlidir. (Hucurat surəsi, 12)

Ayədə möminin çəkinəcəyi üç mühüm davranışdan söhbət açılır:

1) Zənnə qapılmamaq, 2) Qeybət etməmək, 3) Eyibləri araşdırmamaq.

Bunlar eyni zamanda bir-biri ilə bağlı olan davranışlardır. Çünki qeybət edən, yəni bir möminin arxasınca dedi-qodu edən insan elə onun haqqında bəzi mənfi gümanlara da qapılır. Eynilə, eyibləri araşdıran bir insan da müxtəlif gümanlar səbəbindən belə davranır.

Bu davranışların üçünün də ortaq xüsusiyyəti möminləri incidən, möminlər arasındakı birliyi və həmrəyliyi pozan, sevgini, şəfqəti və mərhəməti azaldan davranışlar olmasıdır. Bunların hamısı cahil cəmiyyətin gündəlik həyatında adi hal almış çirkin vərdişlərdir. Cahil cəmiyyətin təbii qarşıladığı bu vərdişlərin əslində nə qədər qəbul edilməz və xoşagəlməz olması ayədəki qeybətlə bağlı misaldan da aydın olur. Həmçinin, başqa bir ayədə də Allahın “qeybət edənlər” haqqında böyük bir xəbərdarlığı var. Ayədə belə hökm edilir:

Hər bir qeybət edən və tənə vuranın vay halına! O, mal-mülk yığar və onu dönə-dönə sayar. O, mal-mülkünün onu əbədi saxlayacağını zənn edər. Xeyr! O mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hütəmə nədir?! O, Allahın alovlandırılmış odudur. (Hüməzə surəsi, 1-6)

Məlum olduğu kimi, ayənin davamında həmin davranış tərzini mənimsəyənlərə qarşı birmənalı şəkildə cəhənnəm təhdidi var. Həmin xəbərdarlığı nəzərə aldığımız zaman, bu mənfi əxlaqın möminlərin diqqət yetirməli olduğu Qurandan kənar davranış olduğunu görürük.

Şeytan dini inkar edənlərin bir-birinə bəslədiyi kin, həsəd və paxıllıqdan irəli gələn eyibləri araşdırmaq və qeybət kimi davranışları möminlərə yaxşı göstərmək üçün, bunları guya din üçün etdirməyə çalışa bilər. Məsələn, səhv və nöqsanları olan bir möminin arxasınca dedi-qodu etməyi onun yaxşılığı və ya dinin mənfəəti üçün olan hərəkət kimi göstərməyə çalışa bilər. Halbuki Allah bu davranışı möminlərə Quranda qəti qadağan etmişdir.

Ayədə sadalanan nöqsanlar arasında diqqət yetirilməli olan başqa bir davranış da “zənnə qapılmamaq”dır. Qeybət və eyibləri araşdırmaq zənnə qapılmağa nisbətən daha konkret səhvlərdir. Buna görə də, həmin səhvi edən insanı digər möminlər xəbərdar edib onu bu davranışdan çəkindirə bilərlər. Zənnə qapılmaq qəlbdə yarandığı üçün möminin yalnız özünün müəyyən edib tədbir görə biləcəyi hadisədir. Bunun nəticəsində, qəflətə düşən mömin öz-özünə düşünərkən ayədə günah sayılan bir çox pis gümanlara qapıla bilər. Buradan məlum olur ki, mömin yalnız etdiyi əməllərinə görə deyil, niyyətinə, duyğu və düşüncələrinə görə də məsuliyyət daşıyır. Bəhs etdiyimiz kin, həsəd, qorxu, sevgi və buna bənzər bir çox anlayışlar da möminə məsuliyyət yükləyən hisslərdəndir. Buna görə də, möminin ağlından keçirdikləri və hiss etdikləri də Allahın sərhədlərini aşmamaqdır. Quran hökmlərini rəhbər tutaraq öz hiss və düşüncələrini tərbiyə edən insan isə, şübhəsiz ki, ən doğru yola çatar.